Bal düzgün şəraitdə saxlanıldıqda illərlə keyfiyyətini itirmir. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, bal uzunömürlü məhsullar sırasında xüsusi yer tutur və düzgün saxlanıldıqda uzun illər ərzində istifadəyə yararlı qalır. Bir çox insanın evində illərlə saxlanılan mürəbbə və konservlər olduğu kimi, bal da hətta onlardan daha uzunömürlü ola bilər.

Mütəxəssislər bildirirlər ki, balın bu qədər davamlı olmasının əsas səbəbi onun tərkibidir. Balın təxminən 80 faizi şəkərdən, 20 faizi isə sudan ibarətdir. Şəkər higroskopik xüsusiyyətə malik olduğundan bakteriyaların tərkibindəki suyu özünə çəkir və bu da mikroorqanizmlərin çoxalmasını çətinləşdirir.

Bundan əlavə, balın yüksək qatılığı bakteriyaların yaşaması üçün lazım olan oksigeni məhdudlaşdırır. Məhsulun turş mühiti də mikroblar üçün əlverişsiz şərait yaradır. Bu amillərin birgə təsiri balı mikroorqanizmlər üçün demək olar ki, “yaşanılmaz” mühitə çevirir.

Qeyd olunur ki, bu xüsusiyyətlər balın yaranma prosesi ilə də bağlıdır. Arılar nektarı toplayarkən onun tərkibindəki suyun böyük hissəsini qurudur. Pətəklər doldurulduqdan sonra isə arıların fermentləri nektarı qlükon turşusu və hidrogen peroksidə parçalayır. Məlumdur ki, hidrogen peroksid yaraların təmizlənməsində istifadə olunan maddədir və bu da balın təbii qoruyucu xüsusiyyətini gücləndirir.

Bununla belə, mütəxəssislər bildirirlər ki, balın xarab olması tamamilə mümkünsüz deyil. Ən çox hallarda bu, tərkibinə əlavə şəkər və digər qatqılar daxil edilmiş məhsullarda müşahidə olunur. Təbii və saf bal isə illərlə saxlanılsa belə, öz keyfiyyətini qoruyub saxlaya bilir.

Həmçinin vurğulanır ki, balın zamanla şəkərləşməsi onun xarab olması demək deyil. Bu proses zamanı qlükoza sudan ayrılır və məhsul kristallaşır. Belə bal qida üçün tam yararlıdır və sağlamlıq baxımından təhlükə yaratmır.

Bal