ABŞ-ın Alabama Universitetinin alimləri müəyyən ediblər ki, zərdəçalın müntəzəm şəkildə qida rasionuna daxil edilməsi böyüklərdə xroniki ağrıların şiddətini azalda bilər. Araşdırma göstərir ki, bu təsir gündəlik qidalanmada istifadə olunan adi miqdarlarda da müşahidə olunur. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, tədqiqatın nəticələri “Nutrients” elmi jurnalında dərc olunub.
21 gün davam edən, ikitərəfli kor üsulla aparılan tədqiqatda yaşı 40-dan yuxarı olan 30 nəfər iştirak edib. Bütün iştirakçılar 10 ballıq şkala üzrə 4–7 bal arasında qiymətləndirilən orta dərəcəli xroniki ağrılardan əziyyət çəkiblər və bu ağrılar onlarda üç aydan artıq davam edib. Sınaq müddətində iştirakçılar hər gün 300 milliqram, bir qram və ya üç qram zərdəçal qəbul ediblər, bəzi hallarda isə onu qara istiotla birlikdə istifadə ediblər.
Ağrı səviyyəsi gün ərzində üç dəfə mobil mesajlar vasitəsilə qeydə alınıb ki, bu da dəyişiklikləri dəqiq izləməyə imkan verib. Üçüncü həftənin sonunda iştirakçıların orta ağrı göstəricisinin ilkin səviyyə ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azaldığı müəyyən edilib. Alimlər zərdəçalın tək və ya qara istiotla birlikdə qəbul edilməsi arasında ciddi fərq aşkar etməyiblər.
Araşdırmada qeyd olunur ki, dozanın adi qida miqdarları çərçivəsində artırılması əlavə ağrıkəsici təsir göstərməyib. Qara istiotun tərkibindəki piperin maddəsinin zərdəçalın təsirini artırdığı düşünülsə də, nəticələr müntəzəm qəbul zamanı zərdəçalın təkbaşına da kifayət qədər təsirli ola bildiyini göstərib. Tədqiqatçılar vurğulayırlar ki, araşdırma ilkin xarakter daşıyır və iştirakçıların sayı az olub, əsasən orta və yaşlı qadınlardan ibarət olub. Bununla belə, nəticələr gündəlik istifadə edilən ədviyyatların xroniki ağrıların azaldılmasında sadə və əlçatan vasitə ola biləcəyini göstərir.






