Uşaq qidaları bazarında ciddi narahatlıq yaradan hadisə baş verib.
Foodinfo.az xəbər verir ki, dünyanın ən böyük qida istehsalçılarından biri olan Nestlé bəzi uşaq qidalarını təcili şəkildə bazardan geri çağırdığını açıqlayıb.
Şirkətin “SMA Advanced First Infant Milk” seriyasına aid müəyyən məhsullarda “cereulide” adlı təhlükəli toksinin ola biləcəyi ehtimalı aşkarlanıb. Mütəxəssislər bu maddənin ciddi qida zəhərlənməsinə səbəb ola biləcəyini bildirirlər.
Sözügedən toksin əsasən ürəkbulanma, qusma və halsızlıqla müşayiət olunur. Bəzi hallarda isə daha ağır fəsadlara yol aça bilər. Nestlé rəhbərliyi İngiltərə və Avropa bazarlarında olan partiyaların dərhal satışdan çıxarılması barədə göstəriş verib.
Valideynlərə məhsullardan istifadə etməmək tövsiyə olunub. Bildirilib ki, məhsullar mağazalara qaytarılaraq ödəniş geri alına bilər. Araşdırmalara görə, toksin istehsal zamanı gigiyena qaydalarına tam əməl olunmadıqda yarana bilir. Hadisədən sonra Nestlé-nin səhmlərində ciddi ucuzlaşma qeydə alınıb.
Səhiyyə qurumları istehsal müəssisələrində yoxlamalara başlayıb. Bəzi zavodlarda istehsal müvəqqəti dayandırılıb. Bir sıra ölkələr məhsulun idxalına məhdudiyyət qoyub.
Şirkət keyfiyyətə nəzarət sisteminin yenidən qurulacağını açıqlayıb. Məqsəd valideynlərin etimadını bərpa etməkdir.






