Qışın sonuna doğru həm ev ehtiyatlarında, həm də mağaza rəflərində cücərmiş kartofa daha çox rast gəlinir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə kartofun istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Foodinfo.az Doctorpiter-ə istinadla xəbər verir ki, toksikoloq Mixail Kutuşov cücərmiş kartofun riskləri barədə danışıb.
Onun sözlərinə görə, kartof cücərdikdə tərkibindəki zəhərli maddə – solaninin səviyyəsi artır. Bu maddə əsasən cücərtilərdə, yaşıllaşmış hissələrdə və qabığın altında toplanır. Adi kartofda solanin az miqdarda olur, lakin cücərmə prosesi zamanı konsentrasiyası yüksəlir.
Toksikoloq vurğulayır ki, qaynatmaq və ya qızartmaq belə kartofu təhlükəsiz etmir. Solanin istilik emalı zamanı parçalanmır.
Mütəxəssis bildirir ki, solanin zəhərlənməsi ürəkbulanma, qusma, ishal, baş ağrısı və üşütmə kimi əlamətlərlə özünü göstərə bilər. Xüsusilə uşaqlar bu cür zəhərlənməyə daha həssasdır. Kartofun üzərində ağ cücərtilərin və “gözlərin” görünməsi onun qida dəyərinin də xeyli azaldığını göstərir.
Əgər təsadüfən cücərmiş kartof istifadə olunubsa, ilkin mərhələdə aktivləşdirilmiş kömür qəbul etmək tövsiyə edilir, əlamətlər yaranarsa dərhal həkimə müraciət edilməlidir.
Kartofun daha uzun müddət xarab olmaması və gec cücərməsi üçün mütəxəssislər aşağıdakı qaydalara əməl etməyi məsləhət görürlər:
-
Kartofu sərin və qaranlıq yerdə saxlamaq
-
Onu alma, soğan və pomidorun yanında saxlamamaq (bu məhsullar etilen qazı ifraz edərək cücərməni sürətləndirir)
Bundan əlavə, çürümüş kartofun yaydığı qazların da təhlükəli olduğu bildirilir. Mütəxəssislər qeyd edirlər ki, çürümə zamanı havaya zəhərli maddələr yayıla bilər və qapalı, havasız mühitdə bu risk daha da artır. Buna görə də zirzəmi və anbarlar mütəmadi havalandırılmalıdır.
Həkimlər xüsusilə qışın son aylarında kartof alarkən diqqətli olmağı, möhkəm, yaşıllaşmamış və cücərmə əlaməti olmayan kök yumrularına üstünlük verməyi tövsiyə edirlər.






