Maqnezium baxımından zəngin, lakin çox vaxt diqqətdən kənarda qalan məhsulun adı açıqlanıb. Mütəxəssislər bildirirlər ki, quru noxud orqanizm üçün vacib olan bu mineralla zəngindir və stressin azalmasına, yuxunun normallaşmasına kömək edir. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, nutrisioloq Olqa Yablokovanın sözlərinə görə, bu paxlalı bitki həm də sinir sistemi və ürək sağlamlığı üçün dəyərli qida sayılır.
Onun sözlərinə görə, 100 qram quru noxudun tərkibində orta hesabla 20–23 qram zülal mövcuddur ki, bu da bitki mənşəli zülal qəbulunu artırmaq istəyənlər üçün yaxşı seçimdir. Noxuddan hazırlanan yeməklər uzun müddət toxluq hissi yaradır və tez-tez qəlyanaltı ehtiyacını azaldır. Tərkibindəki B qrupu vitaminləri maddələr mübadiləsində və sinir sisteminin fəaliyyətində mühüm rol oynayır. Eyni zamanda maqnezium yuxu keyfiyyətinə və stress səviyyəsinə müsbət təsir göstərir, kalium isə ürəyin normal fəaliyyətini dəstəkləyir.
Mütəxəssis əlavə edib ki, noxudun tərkibində həm həll olunan, həm də həll olunmayan qida lifləri mövcuddur. Həll olunan lif “pis” xolesterinin azalmasına kömək edir, həll olunmayan lif isə bağırsaq hərəkətliliyini yaxşılaşdırır. Araşdırmalar paxlalıların müntəzəm istifadəsinin ürək-damar xəstəlikləri riskini azaltdığını və qanda şəkər səviyyəsini sabit saxladığını göstərir. Orta glisemik indeksə malik olması isə şəkərin kəskin artımının qarşısını alır və balanslı qidalanmaya dəstək verir.






