Zülal batonlarının hansı vaxtda qəbul edilməsinin daha faydalı olduğu ilə bağlı mütəxəssislər aydınlıq gətiriblər. Qidalanma üzrə ekspertlər bildirirlər ki, bu məhsullar düzgün zamanda istifadə edildikdə həm enerji səviyyəsini qorumağa, həm də orqanizmin bərpasına müsbət təsir göstərir. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, zülal batonları xüsusilə fiziki yüklənmədən sonra daha effektiv nəticə verir.

Qidalanma üzrə mütəxəssis Emi Braunşteyn Verywell Health nəşrinə açıqlamasında qeyd edib ki, ən uyğun vaxt məşqdən sonrakı ilk iki saatdır, ideal halda isə dərhal məşqdən sonra qəbul edilməlidir. Bu mərhələdə orqanizm qida maddələrini daha aktiv mənimsəyir, əzələlərin bərpası sürətlənir və enerji ehtiyatı daha tez bərpa olunur. Eyni zamanda zülalın karbohidratla birlikdə qəbulu təsiri gücləndirir və bərpa prosesini dəstəkləyir.

Mütəxəssislər bildirirlər ki, zülal batonları sürətli və rahat ara qida seçimi kimi faydalıdır, həmçinin qanda şəkərin sabit qalmasına kömək edir. Xüsusilə gündəlik rasionda kifayət qədər zülal qəbul etməkdə çətinlik çəkən şəxslər üçün uyğun seçim sayılır. Bununla yanaşı, baton seçərkən tərkibə diqqət yetirmək vacibdir – 10–20 qram zülal ehtiva edən və əlavə şəkəri az olan məhsullara üstünlük verilməlidir. Şəkər spirtləri olan məhsullar isə həssas insanlarda həzm narahatlığı yarada bilər.