Qidalanma üzrə mütəxəssislər bağırsaq sağlamlığına mənfi təsir göstərə bilən geniş yayılmış məhsullar barədə xəbərdarlıq ediblər. Onların sözlərinə görə, bəzi qidalar köp, selikli qişanın qıcıqlanması və digər narahatlıqları gücləndirə bilər. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, bir çox hallarda insanlar bu məhsulları gündəlik rasionda istifadə etsələr də, onların həzm sisteminə təsirini nəzərə almırlar.

Mütəxəssislər xüsusilə şəkər spirtləri – sorbitol, mannitol, ksilitol və maltitol kimi şirinləşdiricilərə diqqət yetirməyi tövsiyə edirlər. Bu maddələr saqqızlarda, az kalorili şirniyyatlarda və zülal batonlarında geniş istifadə olunur. Bildirilir ki, onlar bağırsaqda zəif sorulur və bakteriyalar tərəfindən parçalandığı üçün qaz, spazm və ishal yarada bilər. Həmçinin emal olunmuş məhsullara əlavə edilən bəzi lif növləri, məsələn inulin, həssas insanlarda köp və narahatlığı artıra bilər. Fermentləşdirilmiş içki olan kombuça da turşuluq və qazlı xüsusiyyətinə görə bəzi şəxslərdə narahatlıq yarada bilər.

Bundan əlavə, əlavə probiotik qatılmış yüksək emal olunmuş məhsulların hər kəs üçün uyğun olmadığı vurğulanır. Müntəzəm və həddindən artıq şəkər qəbulu isə bağırsaq mikroflorasının müxtəlifliyini azalda və iltihabi prosesləri gücləndirə bilər. Mütəxəssislər bildirirlər ki, bütün bu məhsulları tamamilə rasiondan çıxarmaq vacib deyil. Əsas məsələ orqanizmin reaksiyasını izləmək və fərdi həssaslıqları nəzərə almaqdır. Meyvə, tərəvəz, tam taxıl, paxlalılar, qoz-fındıq və toxumlar isə bağırsaq mikrobiomunun sağlamlığını dəstəkləyən əsas qida qrupları hesab olunur.