Min illər əvvəl becərilən qədim taxıl növü bu gün yenidən sağlam qidalanmaya üstünlük verənlərin rasionunda yer alır. Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, nutrisioloq Natalya Çayevskaya polbanın bağırsaq sağlamlığı üçün xüsusi faydalarını açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, polba mürəkkəb karbohidratlar və liflə zəngindir. Lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır, həzmi tənzimləyir və uzun müddət toxluq hissi yaradır. Bu xüsusiyyət sayəsində qanda şəkərin kəskin artımının qarşısı alınır. Tərkibindəki bitki mənşəli zülal isə heyvani məhsul qəbul etməyən şəxslər üçün yaxşı alternativ hesab olunur.
Natalya Çayevskaya bildirir ki, polbanın adi buğdadan əsas fərqi dəninin quruluşudur. Onun möhkəm qabığı taxılı həşəratlardan və çirklənmədən qoruyur. Eyni zamanda, xoş qoz dadı və dənəvər teksturası sıyığı həm ləzzətli, həm də doyumlu edir.
Polba yavaş həzm olunduğu üçün fəal həyat tərzi keçirənlər, çəkiyə nəzarət edənlər və qidalanmasını şaxələndirmək istəyənlər üçün uyğun seçimdir. Bundan əlavə, tərkibində olan B qrupu vitaminləri stress və yorğunluğun azalmasına dəstək verir.






