Sadə, faydalı və aşağı kalorili şirniyyat axtaranlar üçün ideal seçim – şəkərsiz, unsuz və yumurtasız banan çörəyi. Foodinfo.az 1001sovet saytına istinadla xəbər verir ki, bu məşhur deserti hazırlamaq üçün cəmi iki banan kifayətdir.
Banan çörəyi ilk dəfə ABŞ-da Böyük Depressiya dövründə yaranıb. Həmin illərdə ərzağa qənaət məqsədilə artıq yetişmiş bananlardan istifadə edilirdi. Zamanla bu resept sadəliyi və dadı ilə geniş yayılıb. 2020-ci il karantin dövründə isə ona maraq yenidən artıb. Mütəxəssislər bildirirlər ki, bananın tərkibində əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edən B qrupu vitaminləri mövcuddur.
Təklif olunan bu variant klassik reseptdən fərqli olaraq daha yüngüldür – tərkibində nə şəkər, nə un, nə də yumurta var.
Lazım olan ərzaqlar:
-
2 ədəd yetişmiş banan
-
100 ml süd
-
1/2 çay qaşığı üyüdülmüş darçın
-
1 çay qaşığı qabartma tozu
-
Bir çimdik duz
-
100 q qoz ləpəsi
-
80 q çəyirdəksiz kişmiş
-
2 stəkan yulaf lopası
Hazırlanma qaydası:
-
Yulaf lopasını blenderdə xırdalayın. Qabartma tozu, duz və darçınla qarışdırın.
-
Yetişmiş bananları təmizləyib çəngəllə yaxşıca əzin.
-
Banan püresini quru qarışığa əlavə edin və tədricən südü qataraq qarışdırın.
-
Qozu iri-iri doğrayın. Kişmişi yuyub qurulayın. Hər ikisini xəmirə əlavə edib qarışdırın.
-
Sobanı 180°C-yə qədər qızdırın. 22 sm-lik formanı perqament kağızı ilə örtüb azca bitki yağı ilə yağlayın. Xəmiri formaya töküb səthini hamarlayın. Təxminən 45 dəqiqə bişirin.
-
Hazır çörəyi soyudun və sonra süfrəyə təqdim edin.
Bu banan çörəyi həm doyumlu, həm də nəm teksturalı desert sevənlər üçün ideal seçimdir. Sağlam qidalanma prinsiplərinə uyğun, sadə və ləzzətli alternativ kimi gündəlik rasiona əlavə oluna bilər.






