Soyuq aylarda orqanizmdə bəzi vitaminlərin çatışmazlığı daha qabarıq hiss olunur. Foodinfo.az Lenta.ru-ya istinadla xəbər verir ki, bioloq Vitali Napolov fevral ayında xüsusilə faydalı olan meyvələrin adlarını açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, qış dövründə ən çox çatışmayan maddələrdən biri C vitaminidir. Sitrus meyvələri C vitamini ilə zəngin olduğuna görə orqanizmi soyuqdəymə və yoluxucu xəstəliklərdən qorumağa kömək edir. Bu meyvələr immun gücünü artıraraq bədəni xarici təsirlərə qarşı daha davamlı edir.

Xurma da fevral ayında tövsiyə olunan meyvələr sırasındadır. O, C və A vitaminləri, həmçinin B qrupu vitaminləri, kalium və maqneziumla zəngindir. Bu maddələr ürək və damarların fəaliyyətinə müsbət təsir göstərir, həzm prosesini yaxşılaşdırır və ümumi müqaviməti gücləndirir.

Bioloq bildirib ki, qış mövsümü nar üçün ən uyğun vaxtdır. Hazırda satışda olan narlar daha yetişmiş olur. Nar C, P, B6 və B12 vitaminləri ilə zəngindir, güclü qoruyucu maddələrə malikdir. Onun müntəzəm istifadəsi qanda hemoqlobinin artmasına, təzyiqin azalmasına və maddələr mübadiləsinin yaxşılaşmasına kömək edir. Nar həmçinin kalium, maqnezium və liflə zəngindir, qanazlığının qarşısının alınmasında faydalıdır.

Alma da qış aylarında ən əlçatan və faydalı meyvələrdəndir. O, C, A, E, K vitaminləri və B qrupu vitaminləri, lif, kalium və qoruyucu maddələrlə zəngindir. Alma immun sistemini möhkəmləndirir, ürək və sinir sisteminə müsbət təsir edir, qanda yağ göstəricilərinin azalmasına kömək edir və çəki nəzarətində də faydalıdır.

Banana gəlincə, bioloq qeyd edib ki, bu meyvə lif və pektinlə zəngindir, həzmi yaxşılaşdırır. O, kalium, maqnezium və B6 vitamini mənbəyidir. B6 vitamini sevinc hormonu adlandırılan maddənin yaranmasında iştirak edir. Qış aylarında bu xüsusiyyət yorğunluq, yuxusuzluq və əsəb gərginliyi ilə mübarizədə kömək edir. Lakin bananın enerji dəyərinin nisbətən yüksək olduğunu da nəzərə almaq lazımdır.

Mütəxəssis vurğulayıb ki, mövsümə uyğun və müxtəlif meyvələrin qəbulu orqanizmin vitamin və mineral tələbatını qarşılamağa, immun gücünü artırmağa və soyuq aylarda sağlam qalmağa kömək edir.