Rasionun kaloriliyini azaltmaq üçün ultra-emal olunmuş məhsulları təbii və bütöv qidalarla əvəz etmək tövsiyə olunur. Foodinfo.az Gazeta.ru saytına istinadla xəbər verir ki, britaniyalı tədqiqatçılar bu üsulun həm daha çox yeməyə, həm də daha az kalori qəbul etməyə imkan verdiyini bildiriblər.

Araşdırma nəticələrinə görə, iştirakçılar bütöv məhsullarla qidalandıqda çəki baxımından 50%-dən çox daha artıq qida qəbul etsələr də, gündəlik orta hesabla 330 kilokalori daha az enerji alıblar.

Psixologiya professoru Jeff Brunstrom qeyd edib ki, insanlara emal olunmamış məhsullar təqdim edildikdə, onlar intuitiv şəkildə daha doyumlu və qidalandırıcı kombinasiyanı seçirlər və nəticədə ümumi kalori miqdarı azalır.

Tədqiqatın nəticələri American Journal of Clinical Nutrition jurnalında dərc olunub. Alimlər “qida intuisiyası” anlayışının mövcud ola biləcəyini irəli sürürlər. Bu hipotezə görə, orqanizm enerji və mikronutrientlərin – vitamin və mineralların – qəbulunu balanslaşdırmağa çalışır.