Qəhvənin həddindən artıq qəbulu orqanizm üçün gözlənilməz fəsadlara səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, bir dəfəyə yarım litr və ya daha çox qəhvə içmək ürək-damar və sinir sisteminə əlavə yük yaradır. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, qastroenteroloq Yelena Pexotinanın sözlərinə görə, yüksək dozada kofein hətta sağlam insanlarda belə taxikardiya, narahatlıq hissi, yuxusuzluq və qısa müddətli təzyiq artımına səbəb ola bilər.

Həkim qeyd edir ki, hipertoniyası, aritmiyası, mədə və ya böyrək xəstəlikləri olan şəxslərdə bu risk daha yüksəkdir. Kofein simpatik sinir sistemini stimullaşdıraraq stress reaksiyalarını gücləndirə, tərləmə və baş ağrısına yol aça bilər. Eyni zamanda turşuluğun artması mədə yanması və həzm narahatlığı yarada bilər.

Bununla belə, mütəxəssis vurğulayır ki, orta miqdarda – gündə iki fincana qədər – qəhvə qəbulu əksər insanlar üçün təhlükəli hesab edilmir. Əsas məsələ normanı aşmamaq və orqanizmin fərdi reaksiyasını nəzərə almaqdır. Balanslı yanaşma həm qəhvədən zövq almağa, həm də sağlamlığı qorumağa imkan verir.