Qida Təhlükəsizliyi Agentliyinin dövlət nəzarəti və təqdim etdiyi eskiz layihələr əsasında Bərdə rayonunun Alpoud kəndində fəaliyyət göstərən heyvan bazarında iri və xırda buynuzlu heyvanların ticarəti təşkil edilib.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Bazar ərazisində sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb, giriş və çıxış hissələrində dezbaryerlər quraşdırılıb. Dezbaryer - infeksiyaların yayılmasının qarşısının alınması məqsədilə bazarın giriş-çıxış yerlərində nəqliyyat vasitələri və piyadalar üçün nəzərdə tutulmuş və dezinfeksiyaedici məhlulla doldurulmuş bölmədir. Girişdə eyni zamanda heyvanların bazar ərazisinə yalnız baytarlıq baxışından keçirildikdən sonra buraxılması mexanizmi tətbiq olunur. Nəqliyyat vasitələrindən heyvanların rahat şəkildə boşaldılmasını və yüklənməsini təmin etmək üçün rampalar quraşdırılıb. Su və yem tədarükü görülüb. Ara məsafələri saxlanılmaqla heyvanlara baxış sahələri təşkil edilib. Bazarda iri buynuzlu və xırda buynuzlu heyvanların ayrı-ayrı sahələrdə saxlanılması və satışı təmin olunur.
Satışdan sonra heyvanların nəqliyyat vasitəsilə daşınması zamanı baytarlıq arayışı və ya şəhadətnaməsinin verilməsi təmin edilir. Bazar yekunlaşdıqdan sonra ərazidə dezinfeksiya işləri aparılacaq ki, bununla da xəstəlik törədən mikroorqanizmlər kimyəvi maddələr və ya buxar vasitəsilə məhv ediləcək. İctimai-iaşə və digər xidmət obyektləri bazarın hasarla sərhədlənmiş əsas ərazisinin xaricində yaradılıb.
Yaxın günlərdə biotəhlükəsizlik tələblərinə uyğun qurulan digər heyvan satışı bazarlarının açılması məsələsinə baxılacaq. Məqsəd heyvanların həyat və sağlamlığının qorunması, heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınmasıdır. Heyvan sağlamlığını təmin etmədən qida təhlükəsizliyini təmin etmək mümkün deyil.
Bərdə heyvan bazarında görülən işlərlə bağlı daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.






