Bir çox insan səhər oyanmaq və gümrahlaşmaq üçün qəhvəyə üstünlük verir, lakin mütəxəssislər bunun uzunmüddətli risklər daşıdığını bildirirlər. Daimi qəhvə istifadəsi zamanla damarların daralmasına və orqanizmdən kalsiumun yuyulmasına səbəb ola bilər. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, dietoloqlar səhər saatlarında bədəni daha təbii şəkildə oyadan və enerji verən alternativ qidaları tövsiyə edirlər.

Araşdırmalara görə, səhər tezdən yeyilən cəmi bir ədəd qırmızı alma orqanizmi vitamin və liflə təmin edir, yuxudan oyanma prosesini daha rahat və balanslı edir. Bu meyvə həzm sistemini aktivləşdirir və günə yüngül başlanğıc üçün ideal hesab olunur.

Şokolad da səhər qəhvəsinə yaxşı alternativ kimi göstərilir. Kakao dənələrində olan maddələr orqanizmi tonuslandırır, endorfinlərin ifrazını artırır və enerji səviyyəsini yüksəldir. Bu təsir sayəsində insan özünü daha gümrah hiss edir.

Mütəxəssislər səhər yuxudan duran kimi bir stəkan təmiz su içməyi də tövsiyə edirlər. Su maddələr mübadiləsini işə salır və bədəni yeni günə hazır vəziyyətə gətirir. Bundan əlavə, səhərlər az miqdarda toyuq və ya balıq əti, bir ovuc qoz-fındıq da gün boyu enerji təmin edə bilər.

Siyahıya həmçinin yumurta, yulaf sıyığı və yaşıl çay da daxil edilib. Bu məhsullar tərkibindəki faydalı maddələr sayəsində səhər saatlarında həm zehni, həm də fiziki fəallığı artırmağa kömək edir.