Anemiya və xroniki yorğunluq bir çox insanın gündəlik həyat keyfiyyətini aşağı salan sağlamlıq problemlərindən biridir. Dəmir çatışmazlığı ilə bağlı olan bu vəziyyət vaxtında düzgün qidalanma ilə nəzarət altına alına bilər. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, dietoloqlar anemiyanın müalicəsində bəzi qidaların xüsusilə təsirli olduğunu bildirirlər.

Mütəxəssislərin sözlərinə görə, dəmir çatışmazlığı anemiyası hər kəsdə yarana bilər və əsas əlamətləri dərinin solğunlaşması, daimi halsızlıq, saç tökülməsi və ümumi zəiflikdir. Bu problem daha çox hamilə qadınlarda, süd verən analarda, immun sistemi zəif olan şəxslərdə və ağır əməliyyatlardan sonra müşahidə olunur. Həmçinin bağırsaq xəstəlikləri və B12 vitamini çatışmazlığı olan insanlarda da anemiya riski yüksəkdir.

Həkim-dietoloq Marina Sorokina bildirir ki, anemiya zamanı yalnız alma yeməyə əsaslanan pəhriz effektiv deyil. Onun sözlərinə görə, almada dəmirin miqdarı çox azdır və bu, hemoglobinin səviyyəsini ciddi şəkildə artırmağa kifayət etmir. Dəmir çatışmazlığı zamanı orqan və toxumalar kifayət qədər oksigen ala bilmir ki, bu da ürək və beyin fəaliyyətinə mənfi təsir göstərir.

Mütəxəssislər anemiya ilə mübarizədə aşağıdakı 5 qidanı xüsusilə faydalı hesab edirlər:

  • Mal ciyəri – 100 qramında təxminən 17 mq dəmir var, həmçinin A, D və B qrup vitaminləri ilə zəngindir.

  • Nar – tərkibindəki dəmir və C vitamini dəmirin daha yaxşı mənimsənilməsinə kömək edir, E və K vitaminləri isə orqanizmi qoruyur.

  • Qarabaşaq yarması – hemoglobini artırmaqla yanaşı, çəkiyə nəzarətdə də faydalıdır.

  • Qırmızı ət – həftədə ən azı iki dəfə mal, qoyun və ya donuz əti növbəli şəkildə qəbul edilməsi tövsiyə olunur.

  • Yulaf sıyığı – suda bişirildikdə daha faydalıdır, qurudulmuş meyvələrlə dadlandırmaq olar.

Mütəxəssislər vurğulayırlar ki, düzgün seçilmiş qidalar anemiyanın qarşısının alınmasında və ümumi enerji səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.