Qırmızı ət tez-tez tənqid olunur və onun əvəzinə daha çox toyuq filesi kimi məhsullar tövsiyə edilir. Buna baxmayaraq, mütəxəssislər bildirirlər ki, qırmızı ətin düzgün və ölçülü şəkildə qəbulu orqanizm üçün mühüm faydalar verə bilər. Foodinfo.az kuban24.tv-yə istinadla xəbər verir ki, qırmızı ətdən tam imtina etmək sağlamlıq baxımından hər zaman doğru seçim sayılmır.
Araşdırmalara görə, həddindən artıq miqdarda yağlı qırmızı ət istehlakı bəzi xərçəng növləri, xolesterinin yüksəlməsi və çəki artımı riskini artıra bilər. Lakin bu risklər əsasən normadan artıq və nəzarətsiz qidalanma zamanı ortaya çıxır. Mütəxəssislər vurğulayırlar ki, az yağlı qırmızı ətin ölçülü istifadəsi əksinə, orqanizm üçün faydalıdır.
Birinci səbəb — əzələ və sümük sağlamlığıdır. Qırmızı ət yüksək keyfiyyətli zülal mənbəyidir və əzələ kütləsinin qorunmasına, sümüklərin möhkəmlənməsinə kömək edir. Xüsusilə yaşlı insanlarda qırmızı ət qəbul edənlərdə bud sümüyü sınıqları daha az müşahidə olunur.
İkinci mühüm amil — anemiyanın qarşısının alınmasıdır. Qırmızı ət dəmirlə zəngindir və bu dəmir bitki mənşəli mənbələrlə müqayisədə daha yaxşı mənimsənilir. Bu isə hemoglobinin səviyyəsinin normal saxlanılmasına və orqanizmin oksigenlə təminatına müsbət təsir göstərir.
Üçüncü səbəb — psixoloji sağlamlıqdır. Araşdırmalar göstərir ki, qırmızı ətdən imtina bəzi insanlarda narahatlıq və depressiya riskini artıra bilər. Bunun səbəbi B12 vitamini, maqnezium və vacib amin turşularının çatışmazlığıdır. Qırmızı ət sinir sisteminin normal fəaliyyətini dəstəkləyir.
Dördüncü üstünlük — sink mənbəyi olmasıdır. Sink immun sistemini gücləndirir, insulin istehsalını tənzimləyir, dərinin elastikliyini qoruyur, saç və dırnaqları möhkəmləndirir. Bu mineral eyni zamanda iltihabların azalmasına da kömək edir.
Beşinci səbəb isə — omeqa-3 və omeqa-6 yağ turşularıdır. Xüsusilə otla bəslənən mal ətində bu faydalı yağ turşuları daha çoxdur. Onlar iltihab əleyhinə təsir göstərir, qan təzyiqini və xolesterin səviyyəsini tənzimləməyə kömək edir.
Mütəxəssislər yekunda bildirirlər ki, əsas məsələ qırmızı ətdən imtina etmək deyil, onu düzgün seçmək və normaya uyğun şəkildə istehlak etməkdir. Bu halda qırmızı ət sağlam qidalanmanın dəyərli hissəsi ola bilər.






