Balıq məhsulları sağlam qidalanmada xüsusi yer tutur və bəzi delikateslər yüksək qida dəyərinə görə “superfood” kimi qiymətləndirilir. Mütəxəssislər bildirir ki, düzgün istifadə edildikdə bu məhsullar orqanizm üçün çox faydalıdır. Foodinfo.az URA.RU saytına istinadla xəbər verir ki, treska balığının qaraciyərindən hazırlanan konservlər vitamin və faydalı yağlarla zəngin olduğuna görə əsl superfood hesab olunur.

Şimal hövzəsinin Sahilyanı Balıq Sənayesi Müəssisələrinin Regionlararası Assosiasiyasının İdarə Heyətinin sədri Valentin Balaşovun sözlərinə görə, treska qaraciyəri D, K, A, E və B9 vitaminləri, həmçinin omeqa-3 və omeqa-6 yağ turşuları ilə zəngindir. Bu məhsulun tərkibində natrium, kalsium, kobalt, fosfor, dəmir və yod kimi vacib mikroelementlər də mövcuddur.

Mütəxəssis qeyd edib ki, omeqa-3 yağ turşuları orqanizmin inkişafına, sümüklərin möhkəmlənməsinə, zehni fəaliyyətin və ümumi sağlamlığın qorunmasına müsbət təsir göstərir.

Bildirilib ki, treska qaraciyərini səhər saatlarında qəbul etmək günortaya qədər enerji ilə təmin edə bilər. Əsas məqam isə dozaya riayət etməkdir. Mütəxəssisin tövsiyəsinə görə, gündə cəmi bir xörək qaşığı treska qaraciyəri qəbul etmək kifayətdir və bu, uzunmüddətli sağlamlığa müsbət təsir göstərə bilər.