OpenAI-nin həmtəsisçisi və baş direktoru Sem Altman şirkəti tərk edib.

Foodinfo.az xəbər verir ki, direktorlar şurası tərəfindən elan edilən bu qərar, bir il əvvəl inqilabi ChatGPT-ni işə salan şirkətin tarixində gözlənilməz olub.

2019-cu ildən OpenAI-yə rəhbərlik edən Altman idarə heyəti ilə ünsiyyətdə səmimi olmamaqda ittiham edilir.

Onu müvəqqəti olaraq şirkətin baş texniki direktoru Mira Murati əvəz edəcək. Həmçinin, həmtəsisçi və direktorlar şurasının sədri Qreq Brokman da tutduğu vəzifədən gedir, lakin şirkətdə qalır və yeni müvəqqəti rəhbərə tabe olacaq. 

Bu addım Stiv Cobsun qurduğu Apple şirkətini tərk etmək məcburiyyətində qaldığı tarixi anı xatırladır. Altmanın OpenAI-dən getməsi, süni intellektin sürətlə inkişaf etdiyi dünyada şirkətin gələcəyini sual altına qoyur və korporativ siyasətlərin innovativ texnologiyalara təsiri ilə bağlı müzakirələrə səbəb olur.