
Axşam qəbul edilən qidalar insanın yuxu keyfiyyətinə birbaşa təsir göstərir. Foodinfo.az xəbər verir ki, bu barədə “Biogena” şirkətinin qidalanma mütəxəssisi və tibb redaktoru İrina Popkova məlumat verib.
Mütəxəssisin sözlərinə görə, yuxuya hazırlıq mərhələsində tərəvəz və meyvələr faydalıdır. Xüsusilə melatonin və maqneziumla zəngin banan və kivi axşam saatlarında orqanizmə müsbət təsir göstərir.
Axşam rasionuna yavaş həzm olunan karbohidratların əlavə olunması da tövsiyə edilir. Qarabaşaq və yulaf kimi məhsullar orqanizmi uzun müddət tox saxlayaraq rahat yuxuya kömək edir.
Popkova bildirib ki, triptofanla zəngin məhsullar da yuxu hormonunun – melatoninin sintezində mühüm rol oynayır. Onların sırasında hinduşka əti və badam xüsusilə faydalı sayılır.
Qidalanma üzrə mütəxəssis əlavə edib ki, əsəbləri sakitləşdirən bitki çayları da axşam saatlarında içilməlidir. Bu, yuxuya daha tez getməyə və dərin yuxunun təmin olunmasına kömək edir.
Eyni zamanda, axşam ağır həzm olunan yağlı ətlərdən və kolbasadan uzaq durmaq lazımdır. Çünki bu cür qidalar mədəyə yük salaraq rahat yuxunu çətinləşdirir.
Mütəxəssis həmçinin kofeinli içkilərdən – qəhvə, qara çay və şokoladdan axşam saatlarında imtina etməyi tövsiyə edib. Onların tərkibindəki kofein oyaqlığı artırır və yuxuya getməni ləngidir.