Allergik astma tənəffüs yollarının müxtəlif allergenlərə qarşı həssas reaksiyası nəticəsində yaranan xroniki xəstəlikdir. Toz, ev heyvanlarının tükü, çiçək tozları (polen), kif və kəskin qoxular xəstəliyin əsas tetikleyici amilləri hesab olunur.
Foodinfo.az xəbər verir ki, allergik astmanın ən geniş yayılmış simptomu təngnəfəslikdir. Bu hal xüsusilə gecə saatlarında və ya fiziki fəaliyyət zamanı daha qabarıq şəkildə özünü göstərir. Sinədə sıxılma hissi və nəfəs alarkən ağırlıq da xəstələrin tez-tez şikayət etdiyi əlamətlər sırasındadır.
Bundan əlavə, xırıltılı nəfəs – yəni nəfəs verərkən fitə bənzər səsin eşidilməsi – allergik astmanın tipik göstəricilərindən biridir. Uzunmüddətli və ya gecələr artan öskürək də diqqətə alınmalı simptomlar arasında yer alır. Həkimlər qeyd edirlər ki, oksigen çatışmazlığı səbəbindən tez yorulma da müşahidə oluna bilər.
Simptomlar mövsümi xarakter daşıya və ya müəyyən mühitlərdə daha da güclənə bilər. Əlamətlər təkrarlanırsa və gündəlik həyatı məhdudlaşdırırsa, pulmonoloq və ya allerqoloqa müraciət etmək tövsiyə olunur. Erkən diaqnoz və düzgün müalicə ilə allergik astmanı nəzarətdə saxlamaq mümkündür.






