Turşular Azərbaycan mətbəxində ən çox sevilən qidalar arasında olsa da, onların düzgün hazırlanması və saxlanması böyük əhəmiyyət kəsb edir. 

Foodinfo.az xəbər verir ki, turşuların köpüklənməsi əsasən fermentasiya prosesinin düzgün getməməsi ilə bağlıdır. 

Bankaların sterilizasiyasının kifayət qədər aparılmaması, məhsulların yüksək temperaturda və uzun müddət saxlanması, həmçinin qapağın hava buraxması nəticəsində mikroorqanizmlər çoxalır və bu da köpük əmələ gətirir.

Köpüklənmiş turşu istehlakı ciddi sağlamlıq riskləri yarada bilər. Mütəxəssislərin sözlərinə görə, belə məhsullar mədə-bağırsaq pozğunluqları, qida zəhərlənmələri, qarın ağrısı, qusma və ishala səbəb ola bilər. 

Xüsusilə uşaqlar, yaşlı insanlar və immun sistemi zəif olan şəxslər üçün təhlükə daha böyükdür.

Əgər turşuda köpüklənmə, pis qoxu və ya rəng dəyişikliyi varsa, həmin məhsul qətiyyən istifadə edilməməlidir. 

Onun saxlanılmasına davam etmək və ya “zay olmamış olar” düşüncəsi ilə yemək orqanizm üçün ciddi fəsadlar yarada bilər. Mütəxəssislər bildirirlər ki, belə hallarda ən doğru addım həmin bankaları dərhal atmaqdır.

Köpüklənmiş turşu artıq xarab olmuş məhsulun əlamətidir. Onun yeyilməsi sağlamlıq üçün riskli olduğundan istehlak edilməməlidir. Təhlükəsiz və sağlam qidalanma üçün turşuların hazırlanarkən gigiyenik qaydalara əməl edilməsi və düzgün şəraitdə saxlanılması vacibdir.