
Ürək xəstəlikləri dünyada ən geniş yayılmış və ən təhlükəli sağlamlıq problemlərindən biridir. Foodinfo.az xəbər verir ki, Barselona Universitetinin alimləri orqanizmdə ürəyi zədələnmədən və erkən köhnəlmədən qoruyan xüsusi bir zülal aşkarlayıblar. Bu kəşf gələcəkdə ürəyi qoruyan yeni dərmanların hazırlanmasına yol aça bilər.
Alimlərin izahına görə, ürək uzun müddət yüksək təzyiq və ya ağır yüklənmə şəraitində işlədikdə onun divarları qalınlaşmağa başlayır. Əgər bu vəziyyət davam edərsə, orqanda təhlükəli dəyişikliklər baş verir – ürəkdə çapıqlar yaranır, iltihab prosesi başlayır və nəticədə bu, ürək çatışmazlığına qədər gedib çıxa bilər.
Tədqiqatçılar GADD45A adlı zülalın bu təhlükəli prosesin qarşısını təbii şəkildə ala bildiyini aşkar ediblər. Onların siçanlar üzərində apardığı təcrübələr göstərib ki, bu zülal olmayan heyvanlarda ürək xəstəlikləri çox tez inkişaf edir: toxumalarda çapıqlar yaranır, iltihab artır və ürək əzələsi böyüyür. Lakin GADD45A aktiv olduqda hüceyrələr zərərli dəyişikliklərdən qorunur və ürəyin “şramlarla dolmasının” qarşısı alınır.
Mütəxəssislər bildirirlər ki, əgər gələcəkdə bu zülalın səviyyəsini bədəndə artırmağın yolları tapılarsa, ürəyi ciddi xəstəliklərdən qoruyan yeni dərmanlar hazırlanması mümkün olacaq. Bu da xüsusilə yüksək təzyiq və ya xroniki ürək problemləri olan insanlar üçün böyük əhəmiyyət daşıya bilər.
Tədqiqatın nəticələri Cellular and Molecular Life Sciences jurnalında dərc edilib və kardiologiyada yeni müalicə üsullarına qapı aça biləcək əhəmiyyətli elmi addım kimi qiymətləndirilir.