İnsanların çoxu yuxuya getməkdə çətinlik çəkir və gecə tez-tez oyanır. Foodinfo.az xəbər verir ki, britaniyalı somnoloq Ketrin Holl bu problemlərin çox vaxt səhv qida seçimlərindən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, axşam saatlarında qəbul edilən bəzi məhsullar yuxu keyfiyyətini ciddi şəkildə poza bilər.

Mütəxəssis ilk növbədə duzlu yeməklərə diqqət çəkib. Duzla zəngin qidalar bədəndə maye saxlanmasına səbəb olur, arterial təzyiqi yüksəldir və orqanizmin tam istirahət etməsinə mane olur. Nəticədə insan gecə tez-tez oyanır və yuxu rejimi pozulur.

Holl əlavə edib ki, pomidor, badımcan, soya sousu, qırmızı şərab və bəzi pendirlər kimi turş qidalar da yuxusuzluğu artırır. Bunun səbəbi onların tərkibindəki tiramin maddəsidir. Bu maddə beyinin təbii aktivliyini stimullaşdırır və yuxuya getməyi çətinləşdirir.

Somnoloq həmçinin acı ədviyyatlar və xüsusən də çili bibərinin riskli olduğunu qeyd edib. Onlarda olan kapsaisin maddəsi bədənin temperaturunu kəskin artırır və bu da yuxu zamanı rahatlanmaya mane olur.

Mütəxəssis insanların axşam saatlarında daha yüngül, balanslı və sakitləşdirici təsiri olan qidaları seçməsini tövsiyə edir. Onun sözlərinə görə, qidalanma vərdişlərini dəyişməklə yuxu keyfiyyətini yaxşılaşdırmaq mümkündür.