
Dietoloq, tibb elmləri namizədi Andrey Bobrovski gündəlik menyuda kələmin müxtəlif növlərinə xüsusi yer ayrılmasının vacibliyini vurğulayıb.
Foodinfo.az xəbər verir ki, həkim “Radio 1”ə müsahibəsində qeyd edib ki, həm ağ kələm, həm gül kələmi, həm də brokkoli orqanizm üçün mühüm olan C və K vitaminləri, eləcə də fol turşusu ilə zəngindir. Onun sözlərinə görə, bu maddələr immunitet sistemini gücləndirməklə yanaşı, hüceyrələrin yenilənməsinə və sinir sistemi fəaliyyətinə də müsbət təsir göstərir.
Bobrovski əlavə edib ki, xüsusilə turşu kələminin faydaları ayrıca qeyd olunmalıdır. Çünki bu məhsul probiotiklərin zəngin mənbəyi hesab olunur və bağırsaq mikroflorasını bərpa etməklə həm həzm sistemini, həm də ümumi immuniteti möhkəmləndirir. Mütəxəssis bildirib ki, düzgün qidalanma yalnız vitaminlərlə zəngin tərəvəzlərin istifadəsi deyil, həm də orqanizmin təbii müdafiə mexanizmlərinin gücləndirilməsidir.
Bundan başqa, həkim qida rasionunda qarğıdalının da yer almasını tövsiyə edib. O, bu məhsulun kalium, provitamin A və yüksək miqdarda liflə zəngin olduğunu xatırladaraq, onun ürək-damar sisteminə və maddələr mübadiləsinə müsbət təsir göstərdiyini vurğulayıb.
Bobrovskinin fikrincə, kələm və qarğıdalı kimi sadə və əlçatan məhsullar həm uşaqların, həm də böyüklərin menyusunda daim olmalıdır. Çünki bu qidalar təkcə immunitetin möhkəmlənməsinə deyil, eyni zamanda orqanizmin uzunmüddətli sağlamlığına xidmət edir.