Çayın uzun müddət termosda saxlanması sağlamlıq üçün arzuolunmaz nəticələr yarada bilər.
Foodinfo.az xəbər verir ki, ROSBİOTEX Universitetinin texnologiya fakültəsinin professoru Marina Moyseyak Lenta.ru-ya açıqlamasında bəzi çay növlərinin isti mühitdə faydalı xüsusiyyətlərini itirdiyini bildirib.

Onun sözlərinə görə, yüksək temperaturda uzun müddət qalmaq çaydakı taninləri parçalayır və antioksidant təsiri zəiflədir. Nəticədə içkinin həm faydalılığı azalır, həm də dad keyfiyyəti dəyişir.

Mütəxəssis bildirib ki, qara çay nisbətən daha davamlıdır və termosda dörd saata qədər dadını və ətirini qoruyur. Lakin yaşıl çay üç-dörd saatdan sonra təravətini itirir, xoş ətir və doyumlu dadını saxlaya bilmir.

Xüsusilə diqqətəlayiq məqam çaya süd əlavə olunmasıdır. Moyseyak vurğulayıb ki, süd qatılmış çayı iki saatdan artıq saxlamaq olmaz, çünki isti mühit bakteriyaların sürətli çoxalması üçün əlverişli şərait yaradır.

Beləliklə, çayın həm dadını, həm də faydasını qorumaq üçün onu termosda uzun müddət saxlamamaq, imkan daxilində təzə dəmlənmiş halda içmək tövsiyə olunur.