Soyuqdəymə zamanı insanların tez-tez seçdiyi bəzi üsullar sağlamlığa düşündüyünüzdən daha böyük zərər vura bilər.
Foodinfo.az xəbər verir ki, “Gemotest” laboratoriyasının eksperti Olqa Ulanikina Life.ru-ya açıqlamasında məşhur özbaşına müalicə metodlarının orqanizm üçün ciddi fəsadlara səbəb ola biləcəyini bildirib.

Mütəxəssis qeyd edib ki, antibiotiklərin həkim təyinatı olmadan qəbulu yalnız bağırsaq mikroflorasını pozmur, həm də bakteriyaların müqavimətini artırır ki, bu da gələcəkdə müalicəni səmərəsiz edə bilər. O, həmçinin vurğulayıb ki, 38 °C-dən aşağı temperaturu hər 2-3 saatdan bir dərmanla salmaq qaraciyər və böyrəklərə toksik zərbə vurur.

Ulanikina insanların tez-tez müraciət etdiyi “xalq üsulları”nın da təhlükəli olduğunu xatırladıb. Onun sözlərinə görə, spirtli kompreslər, qaynar buxarla inhalyasiya və müxtəlif isidici prosedurlar kəskin xəstəlik mərhələsində infeksiyanın daha da yayılmasına səbəb olur. Xüsusən də sinusit zamanı istilik irin yığılmasını artırır.

Bundan başqa, yüksək dozada C vitamini qəbulunun böyrəklərdə daş əmələ gətirdiyini, immunomodulyatorların isə nəzarətsiz istifadəsinin autoimmun prosesləri işə sala biləcəyini vurğulayıb. Burna damcıların 5-7 gündən artıq istifadəsi isə damarların dərmana alışmasına gətirib çıxarır və bu da medikamentoz rinitlə nəticələnir.

Mütəxəssis əlavə edib ki, xroniki xəstəlikləri olmayan şəxslər yüngül soyuqdəyməni həkimə müraciət etmədən də keçirə bilərlər. Bunun üçün əsas şərt istirahət, bol isti maye qəbul etmək və burunu duzlu məhlullarla yumaqdır. Həkim bildirib ki, hərarətsalıcı preparatlar yalnız temperatur 38 °C-dən yuxarı olduqda və təlimata uyğun şəkildə qəbul edilməlidir.