
Emal olunmuş ət məhsullarının müntəzəm istehlakı ürək-damar sistemi və ümumi sağlamlıq üçün ciddi risklər yarada bilər.
Foodinfo.az xəbər verir ki, toksikoloq Mixail Kutuşov Lenta.ru-ya açıqlamasında kolbasa, sosiska, bekon, vetçina və digər sənaye üsulu ilə hazırlanmış ət məhsullarının tərkibində yüksək miqdarda duz, nitritlər və konservantlar olduğunu bildirib.
Mütəxəssis qeyd edib ki, bu cür məhsulların davamlı qəbulu yalnız ürəyə və qan dövranına əlavə yük yaratmaqla qalmır, həm də xərçəng xəstəlikləri, xüsusilə bağırsaq xərçəngi riskini artırır. Eyni zamanda, obezlik və tip 2 diabetin inkişafına da səbəb ola bilər.
Kutuşov vurğulayıb ki, sağlamlıq üçün belə məhsullardan imtina etmək və onların yerinə daha faydalı və həzm baxımından asan ət növlərinə – toyuq və hinduşka kimi məhsullara üstünlük vermək daha məqsədəuyğundur. Bu məhsullar proteinlə zəngin olmaqla yanaşı, orqanizm üçün zərərli əlavələrdən azad olur.
Həkim əlavə edib ki, gündəlik menyuda emal olunmuş ət məhsullarının miqdarını minimuma endirmək, təbii və təzə ət məhsullarına üstünlük vermək uzunmüddətli sağlamlığın qorunması üçün əsas amildir.
Beləliklə, gündəlik qidalanmada diqqətli seçim etmək, xüsusilə ət məhsullarını düzgün seçmək ürək, qaraciyər və ümumi immunitet üçün önəmlidir.