Həddindən artıq duz qəbulu insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Foodinfo.az xəbər verir ki, həkim-qidalanma mütəxəssisi Yekaterina Guzman artıq duz qəbulunun yüksək qan təzyiqi və xroniki böyrək xəstəliklərinin inkişafına səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı gündəlik duz miqdarını 5 qramdan çox etməməyi tövsiyə edir. Bu təxminən bir çay qaşığına bərabərdir. Əgər insanda artıq hipertoniya diaqnozu varsa, o halda bu miqdar 3 qramdan artıq olmamalıdır.

Mütəxəssis qeyd edib ki, bir çox insanlar duzu yalnız süfrəyə qoyulan duzqabı ilə əlaqələndirirlər. Halbuki, orqanizmə daxil olan duzun təxminən 70 faizi sənaye üsulu ilə hazırlanmış qidalardan — kolbasa, pendir, sous, konserv və yarımfabrikatlardan gəlir. Bu məhsulların çox qəbul edilməsi duzun orqanizmdə yığılmasına və su-tuz balansının pozulmasına səbəb olur.

Guzman bildirib ki, artıq duz damarların divarlarını bərkitməklə onların elastikliyini azaldır, nəticədə qan dövranı çətinləşir və arterial təzyiq yüksəlir. Zamanla bu hal böyrəklərin yüklənməsinə, şişkinliklərə, baş ağrılarına və ürək-damar xəstəliklərinin artmasına gətirib çıxarır.

Qidalanma üzrə digər mütəxəssis Yelena Solomatina isə bildirib ki, insanların duzlu və ya şirin qidalara meyilli olması genetik səbəblərlə bağlıdır. Onun sözlərinə görə, qədim dövrlərdə duzlu və şirin dadlı təbii məhsullar az tapıldığı üçün, insan orqanizmi bu dadlara qarşı zövq və rahatlıq hissi formalaşdırıb.

Solomatina deyib ki, müasir dövrdə bu xüsusiyyət eyni qalır, amma indi duz və şəkər çox asan əldə olunur, bu da insanın onlardan həddindən artıq istifadə etməsinə gətirib çıxarır.

Həkimlərin fikrincə, sağlam qalmaq üçün yeməkləri duzsuz bişirmək və yalnız bişirmə zamanı az miqdarda duz əlavə etmək məqsədəuyğundur. Bundan başqa, təbii ədviyyatlardan, limon suyundan və təzə göyərtilərdən istifadə etmək həm dadı artırır, həm də orqanizmi artıq duzun zərərindən qoruyur.

Mütəxəssislər xəbərdarlıq edir ki, gündəlik qidalanmada duz miqdarına nəzarət etmək qan təzyiqinin sabit qalması, böyrəklərin sağlam işləməsi və ürək-damar xəstəliklərinin qarşısının alınması üçün ən vacib addımlardan biridir.

Duz