Mayonez bir çox yeməklərin ayrılmaz hissəsi olsa da, onun yüksək kalorili olması bəzi insanları daha yüngül alternativlər axtarmağa sövq edir.
Foodinfo.az bildirir ki, Yunanıstanda geniş istifadə olunan dzadziki sousu həm dadlı, həm də nisbətən daha faydalı seçim hesab edilir. Təbii qatıq əsasında hazırlanan bu sous müxtəlif yeməklərlə mükəmməl uyğunlaşır.
Dzadziki sousunun hazırlanması üçün 1 ədəd xiyar, 1-2 diş sarımsaq, 240 qram təbii qatıq, 1 xörək qaşığı limon suyu, 1 xörək qaşığı zeytun yağı, bir neçə budaq şüyüd, duz və istiot tələb olunur.
İlk olaraq xiyar sürtgəcdən keçirilir və artıq suyu sıxılıb çıxarılır. Daha sonra xiyarın üzərinə əzilmiş sarımsaq, xırda doğranmış şüyüd və digər inqrediyentlər əlavə edilir.
Hazırlanmış qarışıq yaxşıca qarışdırıldıqdan sonra qabın ağzı bağlanır və ən azı iki saat soyuducuda saxlanılır. Bu müddət ərzində inqrediyentlərin dadı bir-birinə qarışaraq sousun daha zəngin aroma qazanmasına kömək edir.
Dzadziki xüsusilə ət və balıq yeməklərinin yanında uğurlu seçim sayılır. Həmçinin bişmiş kartof, təzə tərəvəzlər və müxtəlif salatlarla da təqdim oluna bilər. Mütəxəssislər qeyd edirlər ki, təbii qatıqdan hazırlandığı üçün bu sous mayonezlə müqayisədə daha yüngül alternativ hesab olunur.
Ev şəraitində asan hazırlanan dzadziki yay mövsümündə süfrələrə təravətli dad qatmaq üçün ideal seçimlərdən biridir.






