Kartof müxtəlif yeməklərin hazırlanmasında ən çox istifadə olunan tərəvəzlərdən biridir. Foodinfo.az bildirir ki, bütün kartof növləri eyni məqsəd üçün uyğun deyil və düzgün seçim yeməyin dadına birbaşa təsir göstərir. Mütəxəssislər kartofun nişasta tərkibini müəyyən etməyə kömək edən iki sadə üsulun olduğunu bildirirlər.
Birinci üsul ev şəraitində tətbiq olunur. Bunun üçün kartof ortadan iki hissəyə bölünür və kəsilmiş səthlər bir-birinə sürtülür. Əgər səthdə su damcıları əmələ gəlirsə, bu kartofun nişasta miqdarının az olduğunu göstərir. Belə kartoflar qızartma və salatların hazırlanması üçün daha münasib hesab edilir. Əgər hissələr bir-birinə yapışmağa başlayırsa, bu, nişasta ilə zəngin növ olduğunu göstərir.
Nişasta miqdarı yüksək olan kartoflar pürenin, sobada bişirilən yeməklərin və müxtəlif güveclərin hazırlanması üçün daha uyğun sayılır. Belə kartoflar bişərkən daha asan yumşalır və kremvari quruluş əldə edir. Bu xüsusiyyət onların pürelərdə daha yaxşı nəticə verməsinə şərait yaradır.
İkinci üsul isə alış-veriş zamanı tətbiq oluna bilər. Kartofun qabığının rənginə diqqət yetirmək kifayətdir. Sarı və ya açıq qəhvəyi qabıqlı kartoflar adətən qızartma üçün daha münasib olur. Onların qabığı hamar və səthi bərabər görünür.
Qırmızı və bənövşəyi qabıqlı kartoflar isə qızartma üçün ən yaxşı seçim hesab edilmir. Mütəxəssislər qeyd edirlər ki, kartofun düzgün seçilməsi həm yeməyin görünüşünü, həm də dad keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.






