Makaron və çörəyi eyni yeməkdə qəbul etməyin zərərli olub-olmaması uzun müddətdir müzakirə mövzusudur. Foodinfo.az xəbər verir ki, Rusiya Tibb Elmləri namizədi, “Gemotest” laboratoriyasının eksperti, həkim Yekaterina Kaşux bu barədə açıqlama verib.

Mütəxəssisin sözlərinə görə, makaron və çörəyi birlikdə yemək mümkündür, lakin porsiya ölçüsünə nəzarət vacibdir. Kaşux bildirib ki, burada əsas məsələ məhsulun tərkibi və keyfiyyətidir: “Əgər siz bərk buğda növlərindən hazırlanmış makaron və tam dənli undan bişirilmiş çörək seçirsinizsə, bu, orqanizm üçün tam qəbulediləndir”.

O vurğulayıb ki, düzgün seçilmiş karbohidratlar bədəni enerji ilə təmin edir, lakin miqdar normadan artıq olmamalıdır. “Sadəcə porsiyanı azaldın və yeməyə liflə zəngin tərəvəzlər, göyərti, eləcə də az yağlı ət və ya balıq əlavə edin – bu halda menyu həm doyurucu, həm də balanslı olacaq”, – deyə ekspert əlavə edib.

Kaşux həmçinin bildirib ki, əsas problem məhsulların birləşməsində deyil, onların miqdarındadır. Onun sözlərinə görə, artıq karbohidrat yüklənməsi çəki artımına, qan şəkərinin dalğalanmasına və mədə-bağırsaq narahatlıqlarına səbəb ola bilər.

Mütəxəssis məsləhət görür ki, makaron və çörəyi eyni zamanda qəbul edənlər ölçünü gözləsin və qidalanmada balansı qorumağı unutmasınlar.