Dietoloq Lyudmila Denisenko soyuq mövsümdə oynaqların daha həssas olduğunu bildirib və onların möhkəmlənməsi üçün menyuya daxil edilməli qidaları sadalayıb. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, düzgün seçilmiş qidalanma qış aylarında oynaqları həm iltihabdan, həm də əlavə yüklənmədən qorumağa kömək edir.

Dietoloq qeyd edib ki, oynaqların sağlam qalması üçün ilk növbədə kifayət qədər zülal qəbul etmək lazımdır. Bu məqsədlə toyuq, hinduşka, mintay, sudak və qırmızı balığın bəzi növləri kimi qidaların menyuya əlavə olunması tövsiyə edilir. Onun sözlərinə görə, bu məhsullar həm toxuma bərpasına yardım edən amin turşuları, həm də birləşdirici toxumanı möhkəmləndirməyə kömək edən sinklə zəngindir.

Denisenko əlavə edib ki, oynaqların möhkəmliyi üçün C vitamini mütləqdir, çünki o, kollagen sintezində iştirak edir, iltihabı azaldır və oynaqlara elastiklik verir. Həkim bildirib ki, C vitaminini qara qarağatdan, alma, quşarmudu, çiyələk, göyəm və gilasdan almaq mümkündür, qışda isə buna kələm turşusu, qırmızı bibər və itburnu ideal mənbədir.

Mütəxəssis onu da vurğulayıb ki, oynaqların qidalanmasında mukopolisaxaridlərin xüsusi rolu var. Bu maddələr qığırdaq toxumasının tərkibinə daxildir və onları dəniz məhsullarından, qızılbalıq növlərindən, sulu balıq şorbasından, dəniz kələmi və jelatinlə hazırlanan yeməklərdən əldə etmək mümkündür. Həkimə görə, bu qidalar qığırdağın elastikliyini artırır və soyuq havada oynaqların daha dayanıqlı olmasına kömək edir.

Sonda Denisenko qış aylarında oynaqların sağlamlığını qorumağın əsas yolunun balanslı qidalanmadan keçdiyini vurğulayıb və düzgün qida seçiminin uzunmüddətli rahatlıq təmin etdiyini bildirib.