Quru meyvələr sağlam hesab olunsa da, bəzi insanlar üçün onların qəbulu təhlükəli ola bilər. Foodinfo.az bildirir ki, dietoloq Yelena Solomatina NEWS.ru-ya açıqlamasında quru meyvələrin hansı kateqoriyalara zərər verə biləcəyini izah edib.

Mütəxəssis ilk növbədə şəkər konsentrasiyasının yüksəkliyinə diqqət çəkir. Meyvələr qurudulduqda tərkibindəki şəkərin miqdarı təzə halda olduğundan 5–7 dəfə çox olur. Buna görə də quru meyvələr şəkərli diabetdən əziyyət çəkənlərə, insulinə davamlılığı olanlara və çəki nəzarəti aparan şəxslərə mənfi təsir göstərə bilər.

Risk altında olan digər qrup böyrək xəstələridir. Məsələn, əncir, kişmiş və qaysı kimi quru meyvələrdə kalium miqdarı yüksəkdir. Böyrək funksiyası pozulmuş insanlarda artıq kalium orqanizm üçün ciddi təhlükə yaradır və vəziyyəti ağırlaşdıra bilər.

Solomatina həmçinin diqqətə çatdırıb ki, bir çox istehsalçı quru meyvələri daha cazibədar görünməsi və uzun müddət xarab olmaması üçün kükürd dioksidi və digər kimyəvi maddələrlə emal edir. Bu maddələr bəzi insanlarda allergiya, başgicəllənmə və mədə-bağırsaq narahatlığı yarada bilər.

Riskləri minimuma endirmək üçün ekspert quru meyvə seçərkən parlaq olmayan, mat və təbii görünüşlü məhsullara üstünlük verməyi tövsiyə edir. İstifadədən əvvəl onları yaxşıca yumaq da vacibdir.

Diyetoloqun sözlərinə görə, quru meyvələr sağlam qida seçimidir, lakin hər kəs üçün deyil. Xüsusən də xroniki xəstəlikləri olan şəxslər istehlak miqdarına diqqətlə yanaşmalıdırlar.