Yeni il ərəfəsində mandarinə tələbat artır və bir çox insan bu meyvəni ölçüsüz şəkildə qəbul edir. Foodinfo.az bildirir ki, tibb elmləri doktoru, professor Eduard İsxakov gündəlik təhlükəsiz norma barədə vacib xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, böyüklərin bir gün ərzində qəbul edə biləcəyi maksimum miqdar 3–4 ədəd orta ölçülü mandarin hesab olunur. Onun fikrincə, normanı aşmaq turşuluğun yüksəlməsinə, mədənin selikli qişasında qıcıqlanmaya və şəkərə həssas insanlarda balanssızlığa səbəb ola bilər.

Uşaqlar üçün qayda daha sərtdir və yaşa uyğun tənzimlənməlidir. Professor bildirib ki, üç yaşına qədər uşaqlara gündə üç dilimdən artıq mandarin vermək olmaz. Bir yaşına qədər olan körpələr üçün isə sitrus meyvələri ümumiyyətlə məsləhət görülmür, çünki allergiya riski və mədə həssaslığı bu dövrdə daha yüksəkdir.

Mütəxəssis əlavə edib ki, mandarinləri əsas yeməkdən sonra qəbul etmək daha düzgündür. Acqarına yeyildikdə meyvənin tərkibindəki turşular həssas mədəsi olan şəxslərdə narahatlıq, yanma hissi və həzm pozuntuları yarada bilər.

Ekspertlər həmçinin vurğulayırlar ki, meyvəni normada qəbul etmək həm vitamin əldə etmək, həm də həzm sistemini qorumaq baxımından ən sağlam yoldur.