Onkoloq Liana Sadıkova bəzi gündəlik vərdişlərin zərərsiz görünsə də, insanı xərçəng xəstəliklərinə daha həssas etdiyini bildirib. Foodinfo.az xəbər verir ki, Lenta.ru-ya danışan mütəxəssis xüsusilə çox isti çay və ya qəhvə içməyin orqanizm üçün ciddi təhlükə yaratdığını vurğulayıb və qeyd edib ki, bu cür alışqanlıq qida borusunun selikli qişasında davamlı iltihaba səbəb olur. Onun sözlərinə görə, tez-tez içilən qaynar içkilər həmin hissədə toxuma zədələnməsini artırır və uzun müddət davam etdikdə iltihabın bədxassəli şişə çevrilmə ehtimalı yüksəlir.

Onkoloq əlavə edib ki, təkcə qaynar içkilər deyil, həm də hazır yeməklərlə zəngin, çox qızardılmış, yağlı və kəskin qidalara əsaslanan menyu da riskləri artırır. O bildirib ki, belə qidaların müntəzəm istifadəsi mədə və bağırsaq şişlərinin yaranma ehtimalını nəzərəçarpacaq dərəcədə yüksəldir. Mütəxəssis hətta zarafatla “Ayda bir dəfə kabab normaldır, amma gündəlik yağlı qızardılmış ət seçimi ödəmədiyi borcu bədəndən alır”, – deyərək vəziyyətin ciddiliyini izah edib.

Həkimin sözlərinə görə, oturaq həyat tərzi ilə yanaşı sürətli çəki artımı da hormonal tarazlığı pozur və nəticədə bədəndə piy toxuması çoxaldıqca xərçəng riski yüksəlir. Bu isə qadınlarda süd vəzi xərçəngi, kişilərdə isə prostat xərçəngi ehtimalını artırır. Mütəxəssis vurğulayıb ki, belə dəyişikliklər çox zaman hiss olunmadan baş verir və insanlar gecikmiş mərhələdə həkimə müraciət edirlər.

Sadıkova ən təhlükəli vərdişlərdən birinin isə siqaret olduğunu xüsusi qeyd edib. Onun sözlərinə görə, tütün tüstüsündəki zəhərli maddələr ağciyər və mədəaltı vəz hüceyrələrinə daha ilk ildən ciddi ziyan vurur. O bildirib ki, gündə 10 siqaret çəkən insanlarda erkən ölüm riski kəskin artır: ağciyər xərçəngi riskinin demək olar ki, 90 faiz, mədəaltı vəzi xərçəngi riskinin isə 30 faizdən çox yüksəldiyi qeyd olunub.

Mütəxəssis sonda vurğulayıb ki, təhlükəsiz görünən hər bir gündəlik vərdişin arxasında ciddi sağlamlıq riski dayanır və insanlar məsuliyyətli seçimlərlə özlərini xərçəngdən qorumağa daha çox diqqət etməlidirlər.