Soyuq aylarda yaxşı yatmaq təkcə otağın temperaturundan və gün işığından deyil, həm də yediyimiz qidalardan asılıdır. Foodinfo.az Championat.com-a istinadən xəbər verir ki, somnoloq Maksim Novikov sağlam yuxu üçün qış mövsümündə pəhrizə xüsusi diqqət yetirməyi məsləhət görüb. Onun sözlərinə görə, triptofanla zəngin məhsullar — hinduşka əti, kəsmik, qoz-fındıq, banan və balqabaq tumu — axşam saatlarında daha çox qəbul edildikdə yuxunun dərinləşməsinə kömək edir. Mütəxəssis bu qidaları yavaş sorulan karbohidratlarla, məsələn, yulaf və qarabaşaqla birlikdə yeməyin xüsusilə faydalı olduğunu bildirib.
Həkim xəbərdarlıq edib ki, ağır və yağlı yeməklər, gecə çox yemək həzmi ləngidir və gecə oyanmalarını artırır. Novikovun fikrincə, qışda vitamin D, maqnezium və sink çatışmazlığı bəzən yuxusuzluğa səbəb olur, buna görə də rasionda yağlı balıq, ispanaq, balqabaq tumu, qoz-fındıq və yumurta kimi qidalara yer verilməlidir. O, xroniki yuxusuzluq yaşayanlara saat 14:00-dan sonra qəhvə kimi kofeinli içkilərdən uzaq durmağı məsləhət görür. Spirtli içki və çox acılı yeməklər də yuxu rejimini poza bilər.
Həkim qeyd edib ki, axşam yeməyi yüngül olmalıdır: protein və karbohidratın balansda olduğu, liflə zəngin qidalar daha uyğundur. Gün ərzində 1,5–2 litr su içmək və maye qəbulunu əsasən 19:00-a qədər tamamlamaq vacibdir. Novikov, həmçinin, yatmazdan əvvəl çobanyastığı, nanə, melisa və tutkəsən kimi bitki dəmləmələrinin sakitləşdirici təsir göstərdiyini əlavə edib. Mövsümi pəhriz dəyişiklikləri — xüsusilə sadə şəkərlərin çoxluğu — şəkərin kəskin qalxıb-enməsinə, bunun nəticəsində gecə yarısı oyanmalara səbəb olur. Onun sözlərinə görə, axşam karbohidratı faydalıdır, amma yalnız mürəkkəb olduqda: bal ilə yulaf sıyığı və ya çörək-üstü kəsmik kimi yüngül seçimlər yuxuya getməyi asanlaşdıra bilər.






