Ölkənin biotəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin icrasında dövlətlə bir yerdə sahibkarlar da yaxından iştirak edirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarında həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı biotəhlükəsizlik tələbləri təmin edilməklə yenidən qurulub. Hazırda bazarda son tamamlama işləri görülməkdədir. Yaxın günlərdə Bərdə heyvan bazarının fəaliyyətinə icazə veriləcək.

Bu barədə Foodinfo.az-a AQTA-dan məlumat verilib.

Qeyd edək ki, bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb.

Hazırda bir neçə heyvan bazarında da AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq rekonstruksiya işləri son mərhələdədir. Yaxın günlərdə rekonstruksiya işlərini yekunlaşdıran digər heyvan bazarlarının da yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq. 

Agentlik bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulan heyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı, heyvanların qeydiyyatı aparılaraq, izləmə sistemi qurulacaq. Bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.  

Bərdə heyvan bazarından videolinki təqdim edirik.