
Payızda soyuqdəyməyə qarşı ən çox istifadə edilən təbii vasitələrdən biri baldır. Foodinfo.az xəbər verir ki, rusiyalı terapevt Nadejda Çernışova “aif.ru” portalına açıqlamasında bu məhsulun bəzi hallarda fayda verməklə yanaşı, sağlamlığa zərər də verə biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, təbii balın tərkibindəki antibakterial və iltihabəleyhinə maddələr boğaz və ağız boşluğunun selikli qişasına ümumilikdə müsbət təsir göstərsə də, bəzi insanlarda bu təsir əks nəticə verə bilər. Xüsusilə boğazın selikli qişası zədələnmiş və ya həssas olduqda, balın tərkibindəki polifenollar qıcıqlanmanı artıra, boğazda yanğı və qıcıq hissini gücləndirə bilər. Nəticədə, xəstədə öskürək daha da şiddətlənə bilər.
Çernışova qeyd edib ki, balın istifadəsində ən ehtiyatlı olmalı qrup şəkərli diabet xəstələridir. Belə insanlara istehlak miqdarına ciddi nəzarət etmək və lazım gələrsə, qəbul etdikləri şəkərsalıcı dərmanların dozasını həkimlə məsləhətləşərək tənzimləmək tövsiyə olunur. Əks halda, qan şəkərinin kəskin artması riski yarana bilər.
Ekspert həmçinin vurğulayıb ki, hər kəs üçün “universal dərman” hesab olunan bal belə, fərdi xüsusiyyətlər nəzərə alınmadan istifadə edilərsə, soyuqdəymə əlamətlərini azaltmaq əvəzinə, daha da gücləndirə bilər. Buna görə də xəstəliyin gedişinə və orqanizmin vəziyyətinə uyğun şəkildə, həkim məsləhəti ilə istifadə etmək ən doğru yoldur.