Yeməyi su, çay və ya qəhvə ilə içməyin həzm prosesinə zərər vurduğu barədə yayılan fikirlər elm tərəfindən təsdiqlənmir. Foodinfo.az bildirir ki, endokrinoloq və dietoloq, tibb üzrə fəlsəfə doktoru Oksana Mixaleva bu inancların heç birinin real elmi əsası olmadığını vurğulayıb. Onun sözlərinə görə, iddiaların əsas arqumenti mədə turşusunun guya sulanaraq həzmin pozulmasına səbəb olmasıdır. Lakin mədə hər zaman qəbul edilən qidanın tərkibinə uyğun qədər turşu ifraz edir və bu proses xemoreseptorlar tərəfindən nəzarətdə saxlanılır.
Qidalanma zamanı su və digər içkilərin qəbulu mədə şirəsinin konsentrasiyasını azaltsa belə, mədə hüceyrələri lazımi həcmdə turşu istehsal edərək həzm prosesini tarazlayır. Üstəlik, nəmli qida daha yaxşı qarışdığı üçün onun parçalanması da asanlaşır. Dietoloqun sözlərinə görə, suyun yeməklə birlikdə qəbulunun mədəni “genişləndirdiyi” iddiası da mifdir. Çünki su çox sürətlə sorularaq mədəni tərk edir və bu qədər qısa müddətdə onun genişlənməsinə səbəb ola bilməz. Mədə yalnız davamlı və kəskin dərəcədə artıq yemək nəticəsində böyüyə bilər. Bəzi qastroenteroloji xəstəliklərdə isə həkimlər hətta qidanı maye ilə içməyi tövsiyə edirlər, çünki bu, qidanı daha yumşaq və həzm üçün əlverişli edir. Artıq çəkisi olan insanlar üçün də bu vərdiş faydalı ola bilər — çünki maye liflə dolu qidanın həcmini artıraraq daha tez toxluq yaradır.
Mixaleva çay və qəhvənin də yemək zamanı qəbul edilməsinin təhlükəli olmadığını deyir. Bu içkilərdəki tanninlərin bəzi mineralların sorulmasına təsir göstərməsi barədə iddia yalnız xüsusi mineral əlavələrə aiddir. Qidada olan minerallar isə digər molekullara bağlı olduqları üçün həmin təsirə məruz qalmırlar. Gün ərzində bir-iki fincan çay və ya qəhvə içmək qidaların mənimsənilməsinə mane olmur. Lakin mütəxəssis bildirir ki, mineral tərkibli BƏD-lərdən istifadə edənlər ehtiyatlı olmalıdırlar — məsələn, dəmir, sink, maqnezium və kalsium əlavələrinin qəbulundan 2–4 saat əvvəl və sonra çay və qəhvə içməmək daha düzgündür. Eyni prinsip bəzi dərman preparatlarına da şamil olunur.






