Qidalanma beyin sağlamlığına birbaşa təsir göstərir və gündəlik seçimlər zehni fəaliyyətin keyfiyyətini müəyyən edə bilir. Şəkər və transyağların həddindən artıq qəbulu yaddaşı zəiflədə bildiyi halda, təbii məhsullar beyin funksiyalarının qorunmasına kömək edir. Foodinfo.az xarici elmi mənbələrə istinadla xəbər verir ki, alimlərin apardığı araşdırmalar beyin üçün xüsusilə faydalı olan bir sıra qidaları ön plana çıxarıb.

Çay, alma və giləmeyvələr yaddaşı gücləndirir

Yaşlı insanlar üzərində aparılan üçillik araşdırma göstərib ki, çay, alma və giləmeyvə ilə zəngin qidalanan şəxslərdə yaşla bağlı yaddaş problemləri daha az müşahidə olunur. Bu məhsulların tərkibində olan flavanollar hipokampın fəaliyyətini yaxşılaşdırır. Xüsusilə yaşıl çayda olan L-teanin maddəsi beyin hüceyrələrini qoruyur və rahatlama yaradır.

Siyənək və digər yağlı balıqlar beyin üçün vacibdir

İnsan beyninin böyük hissəsi yağlardan ibarətdir və bu yağların əhəmiyyətli qismi omeqa-3 turşularıdır. Bu maddələr sinir hüceyrələrinin formalaşmasında mühüm rol oynayır. Araşdırmalar göstərir ki, həftədə ən azı iki dəfə yağlı balıq yeyən insanlarda yaddaş və qərarvermə qabiliyyəti daha güclü olur.

Qəhvə diqqəti və enerjini artırır

Qəhvənin tərkibindəki kofein və antioksidantlar beynin fəaliyyətini dəstəkləyir. Mütəxəssislər bildirir ki, qəhvə yorğunluğu azaldır, diqqəti artırır və bəzi nevroloji xəstəliklərin riskini aşağı sala bilər. Gün ərzində normada içilən qəhvə zehni aktivliyi yüksəldir.

Sarıkök beyin hüceyrələrinin yenilənməsinə kömək edir

Sarıkökün əsas aktiv maddəsi olan kurkumin beyinə birbaşa təsir göstərə bilir. Tədqiqatlar bu maddənin yaddaşı gücləndirdiyini və əhval-ruhiyyəni yaxşılaşdırdığını göstərir. Lakin sarıkökün gündəlik qidada istifadəsi mülayim olmalıdır.

Brokkoli və balqabaq tumları yaddaşı dəstəkləyir

Bu məhsullar K vitamini ilə zəngindir. K vitamini isə yaddaşın qorunmasında mühüm rol oynayır. Balqabaq tumları eyni zamanda maqnezium, sink və dəmir baxımından da faydalıdır.

Qoz-fındıq zehni qabiliyyəti artırır

Araşdırmalara görə, gündə az miqdarda qoz-fındıq istehlak edən insanlarda yaddaş və düşünmə qabiliyyəti daha güclü olur. Bu məhsullar beyin hüceyrələrini zədələnmədən qoruyan faydalı yağlar və antioksidantlarla zəngindir.

Portağal və digər sitrus meyvələri

Portağal C və B9 vitaminləri ilə zəngindir. Bu vitaminlər beyin funksiyalarının normal işləməsi üçün vacibdir. Alimlər qanında C vitamini yüksək olan şəxslərdə diqqət və qərarvermə sürətinin daha yaxşı olduğunu bildirirlər.

Yumurta beyin üçün dəyərli mənbədir

Yumurta B qrup vitaminləri və xolinlə zəngindir. Bu maddələr yaddaşın və sinir sisteminin normal fəaliyyəti üçün önəmlidir. Xüsusilə yaşlı insanlarda xolin çatışmazlığı zehni zəifləməyə səbəb ola bilər.

Yaddaşı gücləndirməyin digər yolları

Mütəxəssislər bildirir ki, düzgün qidalanma ilə yanaşı, yeni biliklər öyrənmək, zehni məşqlər etmək və sosial aktiv olmaq da yaddaşın möhkəmlənməsinə kömək edir. Aktiv həyat tərzi beynin uzun müddət sağlam qalmasında əsas amillərdən sayılır.