Çörək bir çox insanın gündəlik rasionunda mühüm yer tutur, lakin onun həddindən artıq qəbulu həm çəkiyə, həm də ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Foodinfo.az Aif.ru saytına istinadla xəbər verir ki, diyetoloq-nutrisoloq Sofiya Kovanova çörəyin gündəlik qəbul miqdarının insanın məqsədindən asılı olduğunu bildirib. Onun sözlərinə görə, arıqlamaq istəyən şəxslər üçün çörək qəbulu minimum səviyyədə saxlanılmalıdır. Bu halda gündə bir dilim və ya gün aşırı bir dilim çörək kifayət edir və daha çox tam taxıllı və ya çovdar çörəyinə üstünlük verilməlidir.

Mütəxəssis qeyd edib ki, əzələ kütləsini artırmaq və enerji ehtiyacını qarşılamaq istəyənlər üçün çörək miqdarı bir qədər çox ola bilər. Bu kateqoriyaya aid olan şəxslər gündə 2–4 dilim çörək istehlak edə bilərlər ki, bu da rasionun enerji dəyərini artırmağa kömək edir. Kovanova bildirib ki, bu zaman da çörəyin keyfiyyətinə diqqət yetirilməli və balanslı qidalanma qorunmalıdır.

Dietoloqun sözlərinə görə, idmançılar üçün çörək seçimi də fərqli ola bilər. Xüsusilə məşqdən əvvəl az miqdarda ağ və ya tost çörəyi qəbul etmək mümkündür, çünki bu növ çörək daha tez həzm olunur və orqanizmi qısa müddətdə kalori ilə təmin edir.

Mütəxəssislər vurğulayırlar ki, çörəkdən tamamilə imtina etmək düzgün yanaşma deyil. Əsas məsələ porsiya ölçüsünə riayət etmək, gün ərzində fiziki aktivliyi nəzərə almaq və çörəyi sağlam qidalarla düzgün şəkildə balanslaşdırmaqdır.