Amarant unu çox qədim dövrlərdən tanınan qida məhsuludur. Cənubi Amerikanın yerli xalqları bu undan müxtəlif yeməklər hazırlayıb və ondan əsas qida mənbəyi kimi istifadə ediblər. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bu məhsul bu gün də sağlam qidalanmaya önəm verən insanlar arasında geniş yayılıb.

Amarant ununun dəyəri onun zəngin tərkibi ilə bağlıdır. Bu un zülal, vitamin, mineral, lif və amin turşuları ilə zəngindir. Qida dəyərinə görə amarant unu buğda, qarğıdalı və çovdar ununu geridə qoyur. Ən önəmli üstünlüklərindən biri isə tərkibində qlütenin olmamasıdır. Bu səbəbdən qlütenə qarşı həssaslığı olan insanlar üçün uyğun hesab olunur. Amarant ununun enerji dəyəri təxminən 298 kilokaloridir.

Amarant ununun faydaları

Amarant unundan hazırlanan yeməklər bir çox sağlamlıq problemi olan insanlar üçün faydalıdır. Məhsulun tərkibindəki antioksidantlar hüceyrələri zədələnmədən qoruyur, orqanizmdə erkən qocalma prosesini ləngidir və bəzi ciddi xəstəliklərin riskini azalda bilər. Bu un eyni zamanda dəmir mənbəyi olduğu üçün qanazlığı olan şəxslərə tövsiyə olunur.

Amarant ununda olan amin turşuları qanda zərərli xolesterinin səviyyəsini nəzarətdə saxlamağa kömək edir. Zülal və liflə zəngin olması qan şəkərinin sabit qalmasına şərait yaradır. Mütəxəssislər bildirir ki, bu məhsul orqanizmdən toksinlərin xaric olunmasına kömək edir və immun sistemini gücləndirir. Hamilə qadınlar üçün də faydalı hesab olunur, çünki dölün normal inkişafı üçün vacib maddələrlə zəngindir.

Çəki azaltmaq istəyənlər üçün

Amarant unu nisbətən aşağı kalorili məhsul sayılır. Artıq çəkidən azad olmaq istəyənlər üçün bu undan hazırlanan çörək və un məmulatları yaxşı seçim ola bilər. Lif tərkibi toxluq hissini artırır və gün ərzində artıq yeməyin qarşısını alır.

Şəkərli diabeti olanlar üçün uyğundurmu?

Mütəxəssislər bu suala müsbət cavab verirlər. Amarant unu qan şəkərinin səviyyəsini stabilləşdirməyə kömək edir və insulin balansının qorunmasında rol oynayır. Tərkibindəki E vitamini hüceyrələri qoruyur və maddələr mübadiləsini dəstəkləyir.

Necə istifadə etmək olar?

Amarant unu souslara, sıyıqlara, şoraba yeməklərə və müxtəlif xəmir işlərinə əlavə edilə bilər. Ən yaxşı nəticə üçün onu buğda unu ilə qarışdırmaq tövsiyə olunur. Ürək-damar xəstəlikləri olan insanlarda bu undan müntəzəm istifadə qan dövranını yaxşılaşdıra və damarların möhkəmlənməsinə kömək edə bilər.

Həzm problemləri zamanı amarant unundan hazırlanmış sıyıqlar da faydalı hesab olunur. Süd və ya su ilə bişirilən bu yeməklər mədə-bağırsaq sisteminin işini tənzimləyir.

Əks göstərişlər

Amarant unu hər kəs üçün uyğun deyil. Tərkibində müəyyən turşular olduğu üçün böyrək və sidik yolları problemi olan şəxslər bu məhsulu ehtiyatla istifadə etməlidir. Öd kisəsində daş və mədəaltı vəzi problemləri olan insanlara da həkim məsləhəti tövsiyə olunur.

Mütəxəssislər bildirir ki, amarant unu düzgün və ölçülü istifadə edildikdə sağlam qidalanmanın dəyərli hissəsinə çevrilə bilər.