Yağlı qidaların tamamilə rasiondan çıxarılması sağlamlıq və çəki itkisi baxımından düzgün yanaşma hesab edilmir. Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş yağlı məhsullar həm ürək sağlamlığını qoruyur, həm də orqanizmdə iltihabi proseslərin azalmasına kömək edir. Foodinfo.az xəbər verir ki, diyetoloq Ketrin Cərvasio bu baxımdan xüsusilə faydalı hesab edilən 10 yağlı məhsulu açıqlayıb.
Onun sözlərinə görə, arıqlamaq istəyən şəxslər rasionlarına mütləq avokado əlavə etməlidirlər. Avokado faydalı yağlarla zəngin olub maddələr mübadiləsini sürətləndirir, dəri və saçların vəziyyətini yaxşılaşdırır. Qoz-fındıq və zeytun yağı da antiinflamatuar təsir göstərərək ürək-damar sisteminə müsbət təsir edir. Yağlı balıqlar, xüsusilə skumbriya və qızılbalıq yüksək miqdarda omeqa-3 yağ turşuları ilə seçilir.

Bu maddələr damarların elastikliyini artırır və ürək xəstəlikləri riskini azaldır. Tərkibində yüksək kakao faizi olan tünd şokolad da faydalı yağ mənbəyi sayılır. Pendir həm zülal, həm də yağ baxımından balanslı qida hesab olunur və uzunmüddətli toxluq hissi yaradır. Toxumlar və yumurtalar gün ərzində iştahanın tənzimlənməsinə kömək edir və orqanizmi vacib amin turşuları ilə təmin edir. Diyetoloq əlavə olaraq qranola və yağlı yoqurtun ölçülü şəkildə qəbul edildikdə çəki nəzarətinə müsbət təsir göstərə biləcəyini vurğulayıb.