Qırmızı çuğundur şirəsinin çox miqdarda qəbulu orqanizm üçün zərərli ola bilər. Foodinfo.az Kp.ru saytına istinadla xəbər verir ki, həkim-diyetoloq Lyudmila Denisenko bu barədə danışarkən, şirənin artıq miqdarda istifadəsinin beyin damarlarında spazma — yəni sıxılmaya səbəb ola biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, çuğundur şirəsi faydalı tərkibə malik olsa da, onu ehtiyatla qəbul etmək lazımdır. Denisenko qeyd edib ki, bu şirəni tək halda deyil, daha çox fayda və təhlükəsiz təsir üçün kök və ya alma şirəsi ilə qarışdırmaq məqsədəuyğundur.

Diyetoloq əlavə edib ki, təzə sıxılmış çuğundur şirəsini dərhal içmək düzgün deyil. O, içkini sıxdıqdan sonra ən azı üç-dörd saat gözlətməyi tövsiyə edib. Bu müddət ərzində şirədəki efir maddələrinin miqdarı azalır və onun mədə selikli qişasına təsiri yüngülləşir.

Denisenko vurğulayıb ki, çuğundur şirəsi qan təzyiqini aşağı salmağa, qanda hemoqlobin səviyyəsini artırmağa və orqanizmdən toksinlərin xaric olunmasına kömək edir. Lakin onun miqdarına nəzarət edilmədikdə bu faydalar zərərə çevrilə bilər.