Çəki atmaq üçün düzgün məhsulları seçmək çox vaxt çətin olur. Foodinfo.az xəbər verir ki, mütəxəssislərin fikrincə, dondurulmuş qidalar həm az kalorili, həm də qida maddələri baxımından zəngin olduğuna görə arıqlamaq istəyənlər üçün ideal seçim ola bilər.

Ən faydalı variantlardan biri dondurulmuş meyvə və tərəvəzlərdir. Əgər onların tərkibində əlavə şəkər, sous və ədviyyat yoxdursa, deməli, həm vitamin, həm də liflərlə zəngindir. Araşdırmalar göstərir ki, bəzi hallarda dondurulmuş məhsullar təzələrindən belə daha çox qida maddəsi saxlaya bilir.

Digər maraqlı seçim isə hazır yeməklər və yarımfabrikatlardır. Alimlər aşkar ediblər ki, xüsusi hazırlanmış dondurulmuş porsiyalar standart pəhrizlərə və ya sadəcə məsləhətlərə əsaslanan qidalanmadan daha effektiv şəkildə çəki azalmasına kömək edə bilər.

Dondurulmuş ət məhsulları da unudulmamalıdır. Onlar orqanizm üçün əsas protein mənbəyi olmaqla uzun müddət toxluq hissi yaradır. Bu isə qəlyanaltılardan imtina etməyə kömək edir.

Ət alternativləri də faydalıdır – bitki mənşəli dondurulmuş məhsullar yüksək protein tərkibi ilə arıqlama prosesinə dəstək ola bilər.

Hətta dondurulmuş desertlər də düzgün seçildikdə pəhrizə zərər vermir. Əsas odur ki, onlar əsasən meyvə və ya az yağlı süd məhsullarından hazırlansın və əlavə şəkər minimum olsun.