
Balqabaq təkcə payızın simvolu deyil, həm də sağlamlıq üçün dəyərli qida mənbəyidir. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, Rbc.ua-nın yazdığına görə, bu tərəvəzin gündəlik qəbulu immun sistemini gücləndirir, ürəyi qoruyur, hətta yuxunu yaxşılaşdıra bilir.
Mütəxəssislər balqabağın orqanizmə beş əsas faydasını qeyd edirlər:
Gözlərin sağlamlığı – balqabaqdakı beta-karotin A vitamininə çevrilərək antioksidant və iltihab əleyhinə təsir göstərir. Bu xüsusiyyətlər yaşla bağlı görmə problemlərinin, o cümlədən makulyar degenerasiya və kataraktanın riskini azaldır.
İmmunitetin dəstəklənməsi – A, C və E vitaminləri bağırsaq selikli qişasını qoruyur, mikroblara qarşı müqaviməti artırır və infeksiyaların qarşısını almağa kömək edir. Liflə zənginliyi isə bağırsaq florasını gücləndirir.
Ürək-damar sağlamlığı – balqabaq kalium, kalsium və maqnezium mənbəyidir. Bu minerallar qan təzyiqini tənzimləyir, şəkərin səviyyəsini normada saxlayır və ürək xəstəliklərinin, infarkt və insultun qarşısını almaqda mühüm rol oynayır.
Həzm sisteminin yaxşılaşması – bir stəkan balqabaq püreyi gündəlik lif normasının təxminən üçdə birini təmin edir. Lif bağırsağın fəaliyyətini sabit saxlayır, qabığı isə faydalı bakteriyaların çoxalmasına şərait yaradır.
Dərinin sağlamlığı – balqabaqdakı A, C və E vitaminləri dərini günəş şüalarından qoruyur, onun elastikliyini və teksturasını yaxşılaşdırır. Bu vitaminlərin antioksidant təsiri dərinin qocalma prosesini ləngidir.
Eyni zamanda həkimlər xəbərdarlıq edirlər ki, balqabaq hər kəs üçün eyni dərəcədə uyğun olmaya bilər. Allergiyası olan şəxslərdə səpki və ya həzm problemləri yarana, lifin çoxluğu isə şişkinlik verə bilər. Bundan əlavə, bəzi dərmanların təsirini zəiflətmə ehtimalı da nəzərə alınmalıdır.
Beləliklə, balqabağın faydaları çox olsa da, onu balanslı şəkildə və fərdi xüsusiyyətlər nəzərə alınaraq qida rasionuna daxil etmək daha məqsədəuyğundur.