Minilliklərdir sağlamlıq və uzunömürlülük rəmzi sayılan yaşıl çayın hər zaman faydalı olmadığı məlum olub. Foodinfo.az xəbər verir ki, dietoloq Şiri Cohnnala və əczaçı, doktor Cessika Bil bəzi dərmanlarla yaşıl çayın birlikdə qəbulu orqanizm üçün riskli ola biləcəyini açıqlayıblar.

Mütəxəssislərin sözlərinə görə, bu içki ilk növbədə qan durulaşdırıcı preparatlarla uyğun gəlmir. Məsələn, varfarin qəbul edən insanlar çox miqdarda yaşıl çay içdikdə dərmanın təsiri zəifləyə və tromb yaranma riski arta bilər.

Həmçinin yaşıl çayda təbii kofein olduğu üçün stimulyator təsirli dərmanlarla birlikdə qəbulu da təhlükəlidir. Bu, ürək döyüntülərinin artmasına, təzyiqin yüksəlməsinə, yuxusuzluğa və narahatlığa səbəb ola bilər. Əgər belə dərmanlar qəbul edilirsə, mütəxəssislər kofeinsiz yaşıl çay seçməyi məsləhət görürlər.

Araşdırmalar göstərib ki, yaşıl çayın tərkibindəki taninlər, polifenollar və bəzi minerallar dəmirin orqanizmə sorulmasını çətinləşdirə bilər. Buna görə də dəmir preparatlarını qəbul edənlər çay içməklə dərman arasında ən azı 1-2 saat fasilə saxlamalıdır.

Əlavə olaraq, bəzi psixiatrik dərmanlarla yaşıl çayın qarşılıqlı təsiri də xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Xüsusilə klozapin, olanzapin və ya amitriptilin qəbul edən insanlarda qan təzyiqində kəskin dəyişikliklər, güclü yuxululuq və hətta qıcolma riski artır.

Mütəxəssislər bildirirlər ki, yaşıl çay faydalı içki olsa da, dərmanlarla birlikdə qəbul edilərkən ehtiyatlı olmaq vacibdir. Onların tövsiyəsi – hər zaman həkim və ya əczaçı ilə məsləhətləşməkdir.