Ulduzların təbliğ etdiyi pəhrizlərə riayət etmək təhlükəlidir - bu, nəinki ciddi sağlamlıq problemləri, həm də ölümlə nəticələnə bilər.

Foodinfo.az-ın məlumatına görə, aztibb.az “Life” portalına istinadən xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib. O, müsahibəsində bloger Viktoriya Bonyanın izləyicilərinə açdığı arıqlama sirlərini şərh edib.

Xatırladaq ki, 44 yaşlı Viktoriya Bonya təklif etdiyi prosedurun “ən azı 20 kiloqram arıqlamağa” kömək etdiyini bildirib. O, həmçinin beş gün heç bir şey yemədikdən sonra sosial mediada kütləvi arıqlama nəticələrini nümayiş etdirib.

Həkim bu cür təcrübələrin sensasiya yaratmaq məqsədli olduğunu deyib və insanları onların effektivliyinə inanmamağa çağırıb.

“Başınızı işlədin! Əvvəla, onun yazdıqlarını etdiyi doğru deyil. İkincisi, biz hamımız müəyyən həyat tərzi sürən və bəzi xəstəlikləri olan insanlarıq. Hər şeyi tədricən və ağıllı şəkildə etmək lazımdır”, - deyə həkim məsləhət görüb.

O, detoksların elektrolit balansının pozulması nəticəsində ölümə səbəb olduğunu bildirib. Qeyd edib ki, Boninin təcrübəsi müasir sübuta əsaslanan təbabətlə ziddiyyət təşkil edir və zərərlidir.

“Əgər sənə üç aya sağlam arıqlaya bilərsən desələr, bil ki, bu yalandır”, - deyə A. Myasnikov yekunlaşdırıb.