Müasir qidalanma tərzinin bizə təqdim etdiyi içkilərdən biri də soyuq çaydır. Artıq marketlərdə rəngbərəng qablaşdırmalarda satılan soyuq çaylara (“ice tea”) əsasən isti aylarda ən çox üstünlük verilir. İlk baxışdan adında "çay" olduğu üçün sağlam seçim kimi görünə bilər, ancaq bu içkilərin tərkibi və orqanizmimizə təsirləri barədə məlumatlı olmalıyıq.

Foodinfo.az xəbər verir ki, qida eksperti Asim Vəli bildirib ki, soyuq çayların ən böyük problemi tərkibindəki həddindən artıq şəkər miqdarıdır:

“Bir çox marka təxminən 500 ml-lik bir şüşədə 10-12 çay qaşığına qədər şəkər istifadə edir. Davamlı istifadə piylənməyə səbəb olur. Həmçinin qanda şəkərin qəfil yüksəlməsi zamanla mədəaltı vəzin fəaliyyətinə mənfi təsir edir. Yüksək şəkər və turşuluq diş minasını zədələyir. Hər kəsə məlumdur ki, təbii çay dəmləndikdən bir neçə saat sonra dadını və rəngini itirir. Amma marketlərdəki çaylar aylarla rəfdə qala bilir. Bunun səbəbi tərkibindəki qatqı maddələridir. Konservantlar məhsulun xarab olmasının qarşısını alır. Bəzi insanlarda allergik reaksiyalara və ya həzm problemlərinə səbəb ola bilər”.

A.Vəlinin sözlərinə görə, “şəkərsiz" yazılanlarda istifadə edilən aspartam kimi maddələrin mənfi təsirləri hələ də müzakirə mövzusu olsa da, ehtiyatlı olmaqda fayda var:

“İçkiyə cəlbedici rəng vermək üçün istifadə olunan kimyəvi maddələr də qaraciyərə mənfi təsir edə bilir. Soyuq çayların tərkibində yüksək miqdarda oksalat maddəsi olur. Oksalatlar böyrəklərdə kalsiumla birləşərək daş əmələ gətirmə ehtimalını artırır. Xüsusilə böyrək problemi olan şəxslərin bu içkilərdən uzaq durması yaxşı olardı. Çay təbii olaraq kafein ehtiva edir. Həddindən artıq soyuq çay içmək ürək döyüntüsünün artmasına, yuxusuzluğa və əsəbiliyə səbəb ola bilər. Bundan əlavə, çay sidikqovucu təsirə malikdir. Susuzluğumuzu bu içki ilə yatıracağımızı düşünmək yanlışdır. Əgər mütləq soyuq çay içmək istəyiriksə, onu evdə hazırlamaq həm daha ucuz, həm də daha sağlamdır”.(Metbuat.az)