Yuxunun kifayət edib-etmədiyini anlamaq bir çox insan üçün çətin görünür, lakin mütəxəssislər bunun üçün sadə üsulun olduğunu bildirirlər. İspaniyalı həkim Alba Qarsiya Araqon hər kəsin öz ideal yuxu müddətini fərdi şəkildə müəyyən edə biləcəyini açıqlayıb. Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, mütəxəssis ümumi və dəyişməz yuxu normasının mövcud olmadığını vurğulayıb.

Onun sözlərinə görə, bəzi insanlar üçün beş-altı saatlıq gecə istirahəti kifayət etdiyi halda, digərləri özünü gümrah hiss etmək üçün doqquz-on saat yatmağa ehtiyac duyur. Həkim bildirir ki, əsas meyar gün ərzində insanın özünü necə hiss etməsidir və bunu müəyyən etmək üçün bir neçə gün ardıcıl olaraq vəziyyəti müşahidə etmək lazımdır. Əgər insan səhər asanlıqla oyanırsa, gün ərzində yuxululuq hiss etmirsə, diqqətini cəmləyə bilirsə və əhvalı sabit qalırsa, deməli yuxu müddəti kifayət hesab oluna bilər. Bundan əlavə, gündəlik fəaliyyətlərdə məhsuldarlığın yüksək olması da yetərli istirahətin göstəricisi sayılır.

Mütəxəssis xəbərdarlıq edir ki, səhər oyanmaqda çətinlik, gün ərzində davamlı yorğunluq, əsəbilik və diqqət dağınıqlığı yuxu çatışmazlığından xəbər verə bilər. Bəzi hallarda isə saatlar kifayət qədər olsa da, yuxu keyfiyyətsiz olur və orqanizm tam bərpa olunmur. Bu səbəbdən mütəxəssislər gecə rejiminin sabit saxlanılmasını, yatmazdan əvvəl sakit mühit yaradılmasını və müntəzəm istirahət vərdişlərinin formalaşdırılmasını tövsiyə edirlər.